Yanvarın 15-də ADİU-nun II Tədris binasında 20 yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Tədbirin əvvəlində 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. YAP ADİU ilk ərazi təşkilatının sədri Zəfər Bayramov faciə zamanı regionda və ölkəmizdə yaranan siyasi vəziyyət barədə danışaraq, qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın müstəqillik arzusuna qarşı öncədən planlaşdırılmış qətliam idi. Z.Bayramov həmçinin bildirib ki, bu hadisəyə ilk siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verərək, hadisədən dərhal sonra Moskvadan baş verən faciənin obyektiv şəkildə araşdırılmasını, hadisəyə hüquqi qiymət verilməsini tələb edib.
Daha sonra Tarix kafedrasının müdiri professor Hidayət Cəfərov 20 Yanvar faciəsi, onun siyasi mahiyyəti barədə məruzə ilə çıxış edib. Professor qeyd edib ki, bu hadisə nəinki xalqımızın azadlıq mübarizəsini zəiflətmədi, onu bir qədər də sürətləndirdi.
Tədbirdə çıxış edən digər iştirakçılar da 20 yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda 20 yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.