Karyera mərkəzi haqqında
Karyera Mərkəzi 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti, Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsi kimi fəaliyyətə başlamışdır. 2016-cı ildən Karyera Mərkəzi universitetin struktur bölməsi kimi təsdiqlənmişdir. Mərkəzin başlıca vəzifəsi tələbələri peşəkar iş həyatına hazırlamaq, karyera inkişaflarına dəstək olmaq, yeni bacarıqlar qazanmalarına töhfə vermək, universitet ilə iş dünyası arasında səmərəli əməkdaşlıq qurulmasını təmin etməkdir.
2017-ci ildə UNEC ilə iş dünyası arasında strateji əməkdaşlığı əks etdirən "UNEC2B" platforması təqdim edilmişdir. Bu platformanın Koordinasiya Şurasında UNEC, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Auditorlar Palatası və Bank Tədris Mərkəzi daxil edilib.
Mərkəzdə Virtual Əmək Birjası (job.unec.edu.az) fəaliyyət göstərir ki, onun da əsas məqsədi UNEC-in tələbə və məzunlarının iş tapmasına və müxtəlif təklifləri dəyərləndirməsinə, o cümlədən işəgötürənlərin bir mənbədən kadr seçimini həyata keçirməsinə nail olmaqdır. Mərkəzdə həmşinin şirkətlər üçün fərdi Karyera Günü keçirilir və burda iştirak etmək istəyən tələbələr öncədən CV-lərini təqdim edirlər. Karyera günündə onlar birbaşa müsahibəyə dəvət olunur, həmşinin gün ərzində tələbələrə vakansiyalar barədə informasiyalar çatdırılır, şirkətin rəhbər şəxsləri ilə görüşlər təşkil edilir, müxtəlif mövzularda təlimlər keçirilir. 2006-ci ildən etibarən hər il tələbə və məzunlar üçün respublika səviyyəsində Əmək Yarmarkası təşkil edilir. Yarmarkada yerli və beynəlxalq şirkətlər, o cümlədən dövlət qurumları iştirak edir, vakansiyalar üzrə işçi dəyərləndirmələri aparırlar.
Karyera Mərkəzinin tədbirləri
Karyera Mərkəzinin xəbərləri UNEC News-da (2018 – 2022)
Karyera Mərkəzinin tədbirləri (2015 – 2018)