“Bir Əsrin İqtisadi Nəticələri” mövzusunda V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçiriləcək

16 Fevral 2023
view213
Elm

Elm və təhsil mühitinin formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində sadəcə təhsilin tədris prosesinin deyil, eyni zamanda, tədqiqatların aparılmasının da ciddi önəmi vardır.

Ölkənin təhsil sistemində yer alan ali təhsil müəssisələrinin və müxtəlif tədqiqat mərkəzlərinin apardıqları tədqiqatların başda ölkənin iqtisadiyyatı olmaqla bir çox sahəyə müsbət mənada təsiri bütün dünyada qəbul olunan əsas faktorlardan biridir. İnformasiya texnologiyalarının, süni intellektin və dünyada təhsillə bağlı yanaşmaların dəyişməsi və yeniliklərin dünyadakı bütün ölkələrə transformasiyası mühim bir reallıqdır. Azərbaycanda təhsil sisteminin inkişafı, ölkəmizdə aparılan tədqiqatların keyfiyyətinin artırılması, beynəlxalq təhsil arenasının qabaqcıl qurumları ilə əlaqələrin genişləndirilməsi, fikir və informasiya mübadiləsi kimi hədəflərin həyata keçirilməsində ölkəmizdə keçiriləcək elmi – akademik tədbirlərə ciddi ehtiyac vardır. Təhsil və tədqiqat mühitinin təkmilləşməsinə dəstək olmaqla yanaşı ölkəmizin təhsil imicinə də müsbət təsir göstərən bu tədbirlərin beynəlxalq təcrübə və keyfiyyətlərə əsaslanaraq təşkili məsələsi əsas prioritetlərdən biridir.

Müstəqil Azərbaycan iqtisadiyyatının və təhsil sferasının formalaşdırılması və inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin böyük əməyinin olması danılmaz bir faktdır. Təhsilə xüsusi qayğı ilə yanaşan Ulu Öndərin təhsil ideyaları və iqtisadi fikirləri ali təhsil müəssisələrimiz tərəfindən mənimsənilmiş və bu istiqamətdə gedən inkişafa böyük təkan vermişdir. 2023–cü il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ulu Öndərin anadan olunmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev İli” elan olunmuşdur. Bu əlamətdar il çərçivəsində ölkəmizin elm və təhsil sahəsinə böyük töhfələr verəcək beynəlxalq elmi konfransın təşkili öz ömrünü Azərbaycan xalqına və onun müstəqilliyinə həsr etmiş Ulu Öndərin bu sahədə gördüyü əvəzolunmaz işlərin nəticələrinin təqdim olunması və müzakirə edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəblə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı” baş tutacaqdır. 22–25 iyun 2023–cü il tarixlərində keçiriləcək konfrans "Bir əsrin iqtisadi nəticələri" mövzusunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunacaqdır.

Sözü gedən konfrans bundan öncə dörd dəfə uğurla təşkil olunaraq ölkəmizin elm və təhsil sisteminə özünəməxsus töhfələr vermişdir. Bundan əvvəlki konfranslarda ümumilikdə dünyanın 50–dən çox müxtəlif ölkəsindən 1500-ə yaxın tədqiqatçı öz elmi məqalələri ilə konfransda iştirak etmişdir. Konfransın elm komitəsi tərəfindən keyfiyyət standartlarına uyğun olan seçilmiş bu tədqiqat işləri üçün müxtəlif nəşr imkanları yaradılmışdır. Bu günə qədər konfrans tərəfindən “Konfrans Xülasələr Kitabı” və “Konfrans Tam Mətn Məruzələr Kitabı” nəşr olunmuş və elektron versiyada konfransın rəsmi saytına yerləşdirilmişdir. Eyni zamanda, III və IV konfrans çərçivəsində elm komitəsi tərəfindən seçilmiş keyfiyyətcə daha yüksək olan tədqiqat işləri dünyanın qabaqcıl akademik platformalarında indekslənən beynəlxalq elmi jurnalda xüsusi sayı olaraq nəşr olunmuş və indekslənmişdir. Bundan əlavə, konfrans çərçivəsində ərsəyə gələn bütün elmi nəşrlər dünyanın müxtəlif nüfuzlu universitetlərinin və digər beynəlxalq kitabxanalarında indekslənmişdir.

2022-ci ildə keçirilmiş sayca 4-cü konfranda isə işğaldan azad olunmuş ərazilərimizin iqtisadiyyatı ilə bağlı tədqiqatlara töhfə vermək və bu istiqamətdə tədqiqatçılara yol göstərəcək mənbənin formalaşdırılması üçün “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu” və “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının qiymətləndirilməsi” adlı kitablar nəşr olunaraq ictimaiyyətə təqdim olunmuşdur.

Konfrans sadəcə elmi məruzələr və nəşrlər ilə deyil konfrans açılışlarında və konfrans günlərində müxtəlif elmi tədbirlərlə də zəngin olmuşdur. Konfransın açılış mərasimlərində müxtəlif dövlət və özəl qurumlarının rəhbərlərinin çıxışları ilə yanaşı yerli və xarici mütəxəssislərin, tədqiqatçı və professorlarının iştirakı ilə plenar sessiyalar təşkil olunmuşdur. Bundan başqa, dünyanın müxtəlif ölkələrindən, habelə, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssislərinin, nüfuzlu universitetlərin, dövlət və özəl qurumlarının nümayəndələrinin iştirakı ilə sosial şəbəkələr üzərindən canlı yayımlanan 30-a yaxın workshop baş tutmuşdur. Bu workshoplarda yerli və xarici olmaqla ümumilikdə 120-ə yaxın müxəsəssis aktual mövzularda öz fikirlərini tədqiqatçılarla bölüşmüşdür.

22–25 iyun tarixlərində artıq beşincisi baş tutacaq konfrans öz akademik və elmi baxımından zənginliyi ilə seçilən bir tədbir olacaqdır. 22 iyun tarixində günün birinci yarısı dövlət və özəl qurumlarının rəhbər şəxslərinin, yerli və xarici qonaqlarının iştirakı ilə açılış mərasimi, eyni zamanda günün ikinci yarısı dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədqiqatçılarının iştirakı ilə beynəlxalq arena üçün aktual mövzuda workshop təşkil olunacaqdır. Konfransın ikinci günü yerli dövlət və özəl qurumların mütəxəssisləri, beynəlxalq təşkilatların ekspertləri və xarici universitetlərin professorlarının iştirakı ilə “Yaşıl İqtisadiyyat və Yaşıl İnkişaf” mövzusunda “Green Day” keçiriləcəkdir. Tədbirdə yaşıl investisiyalar, yaşıl inkişaf, yaşıl enerji, təkrar istehsal, yaşıl istehlak kimi aktual mövzularda çıxışlar dinləniləcəkdir. Mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılaraq ölkəmiz və dünya üçün nəticə və təkliflər təqdim olunacaqdır.

Konfransın üçüncü və dördüncü günləri onlayn məruzə sessiyaları baş tutacaqdır. Professor və müəllimlərdən ibarət olan seksiya sədrlərinin başçılığı ilə 4 dildə (azərbaycan, türk, ingilis və rus) dünyanın 100-ə yaxın ölkəsindən olan 500-dən çox tədqiqatçı 100-ə yaxın məruzə sessiyasında öz tədqiqatlarını təqdim edəcəkdir. Məruzə olunmuş tədqiqat işlərindən elm komitəsi tərəfindən keyfiyyətinə görə seçilmiş olan tədqiqat işləri beynəlxalq elmi jurnallarda xüsusi sayı olaraq nəşr olunacaqdır. Nəşr olunacaq bu xüsusi sayılar dünyanın qabaqcıl akademik platformalarında indekslənəcəkdir. Konfrans yekunlaşdıqdan sonra konfransın məruzə sessiyalarında öz çıxışlarını etmiş tədqiqatçıların elmi işləri beynəlxalq ISBN nömrəsi ilə “Konfrans Tam Mətn Məruzələr Kitabı” olaraq online formada nəşr olunacaq və konfransın rəsmi saytına yerləşdiriləcəkdir.

Eyni zamanda, hər il olduğu kimi ənənəvi olaraq ölkəmizdə və dünyada gündəmdə olan mövzularda workshoplar təşkil olunacaqdır. Yerli və xarici universitetlərin professor və tədqiqatçıları, yerli dövlət və özəl qurumlarının, eyni zamanda. beynəlxalq təşkilatların ekspertlərinin iştirakı ilə minimum 10 workshopun keçirilməsi nəzərdə tutulmuşdur. Bu workshoplarda 50-ə yaxın professor, tədqiqatçı və ekspertin iştirakı planlaşdırılmışdır. Workshoplar onlayn formatda təşkil olunacaq və konfransın rəsmi sosial media hesabları ilə canlı yayımlanacaqdır.

Konfrans çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibati ilə yerli və xarici universitetlərin professor və tədqiqatçılarının iştirakı ilə “Bir Əsrin İqtisadi Portreti” adlı kitab hazırlanaraq nəşr olunacaqdır. Kitabda Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının formalaşmasında və inkişafındakı rolu müxtəlif sektorlar üzrə təhlil olunaraq oxuculara təqdim olunacaqdır. Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişaf istiqamətləri, beynəlxalq iqtisadi əlaqələrin inkişafı və. s kimi mövzular bu kitabda yer alacaqdır.  Bundan əlavə, son illərdə ölkəmizdə aktual hala gələn və işğaldan azad olunmuş bölgələrdə icrasına xüsusi diqqət ayrılan yaşıl enerji və yaşıl iqtisadiyyatla bağlı “Yaşıl iqtisadiyyat və yaşıl maliyyə” adlı kitab nəşr olunacaqdır. Kitabın hazırlanmasında yerli və xarici universitetlərin, sahə üzrə müxtəlif qurumların ekspert və tədqiqatçıları iştirak edəcəkdir. Kitab ingilis dilində beynəlxalq oxucu kütləsi üçün nəşr olunacaq və yaşıl iqtisadiyyat, yaşıl investisiyalar, yaşıl maliyyə, yeniləbilən enerji, yaşıl istehlak və s. kimi mövzuları əhatə edəcəkdir. Sözügedən kitab bu sahədə araşdırma aparan tədqiqatçılar üçün ədəbiyyat rolunu oynayacaqdır. Konfrans çərçivəsində, həmçinin, ali təhsil müəssisələrində dərs vəsaiti olaraq istifadə olunması nəzərdə tutulan “Strateji İdarəetmə” kitabı nəşr olunaraq təqdimatı baş tutacaqdır. Strateji idarəetmədə nəzəriyyə və praktikanı bir araya gətirən bu kitab eyni zamanda iş dünyasından real hadisə nümunələri ilə daha da zənginləşdirilmişdir.    Eyni zamanda, Ulu Öndərin anadan olmasının 100 illiyinə ithafən 100 fərqli ölkənin tədqiqatçılarının elmi məqalələri arasından seçilmiş 100 tədqiqat işi xüsusi kitab formasında nəşr olunaraq ictimaiyyətə təqdim olunacaqdır.

Bütün qeyd olunan akademik zənginliklərlə yanaşı Konfrans günlərində Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə, mədəniyyətinə, Heydər Əliyev irsinə aid müxtəlif mövzularda sərgilərdən ibarət mədəni tədbirlər təşkil olunacaqdır.

Qeyd edək ki, konfransa göndərilən məqalələrin dəyərləndirilməsi üçün dünyanın nüfuzlu universitetlərinin professorlarını özündə birləşdirən beynəlxalq elm komitəsi, konfransın ərsəyə gəlməsi üçün təşkilati və digər məsələlərlə bağlı isə dünyanın dörd bir tərəfindən beynəlxalq təcrübələrə sahib şəxslərdən ibarət beynəlxalq təşkilat komitəsi və beynəlxalq katibliyi fəaliyyət göstərir. Bundan əlavə dünyanın qabaqcıl ali təhsil ölkələrinin universitetləri konfransın əsas tərəfdaşlarındandır. Böyük Britaniyadan Portsmouth Universiteti, İsveçrənin Tətbiqi Elmlər və İncəsənət Universiteti (HES-SO), Türkiyənin İstanbul Universiteti, Malaziyanın Malaya Universiteti, Qırğızıstanın Qırğız – Türk Manas Universiteti konfransın tərəfdaşları sırasındadır. Konfransa tərəfdaş olan universitet şəbəkəsinin daha da genişləndirilməsi məqsədi ilə hal hazırda təşkilat komitəsi tərəfindən fəaliyyətlər həyata keçirilməkdədir.

22–25 iyun tarixlərində baş tutacaq Konfrans üçün elmi məqalələrin göndərilməsi üçün son tarix 21 aprel 2023–cü ildir. Konfrans və baş tutacaq tədbirlər haqqında daha ətraflı məlumat üçün konfransın rəsmi saytı olan www.conferences.az veb ünvanını ziyarət edə bilərsiniz.

Dos. Fariz Əhmədov,
UNEC, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!