Dünya Bankı ilə UNEC iqlim dəyişikliyi və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq edəcək

19 Yanvar 2023
view221
Beynəlxalq əməkdaşlıq

Dünya Bankının nümayəndələri UNEC-də olub.

Dünya Bankının təşəbbüsü ilə keçirilən görüşdə bankın aparıcı mütəxəssisi Andrea Liverani, baş iqtisadçı Arvind Nair, UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbərləri iştirak ediblər.

“İqlim dəyişikliyi və inkişaf” missiyası çərçivəsində Dünya Bankının Azərbaycanla bağlı hesabatının hazırlanmasına UNEC-in dəstək olması məqsədilə keçirilən görüşdə rektor Ədalət Muradov universitetin bu istiqamətdə əməkdaşlıq imkanlarından söz açıb. Rektor UNEC-in yaşıl enerji və dayanıqlı inkişaf, eləcə də bu sahə üzrə mütəxəssis hazırlığı istiqamətində hədəflərindən danışıb. UNEC-in yaşlıl enerji ilə bağlı nüfuzlu beynəlxalq reytinqlərdə yer aldığını, Erasmus+ proqramı üzrə ekoloji qrant layihəsinin qalibi olduğunu,  Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzində ekoloji, yaşıl iqtisadiyyat və dayanıqlı inkişafla bağlı layihələrin reallaşdırıldığını bildirib.

Dünya Bankının aparıcı mütəxəssisi Andrea Liverani və baş iqtisadçı Arvind Nair bankın iqlim dəyişikliyi və dayanıqlı inkişafı istiqamətində Azərbaycan üzrə hesabatının hazırlandığını bildiriblər. Hesabatda iqlim dəyişikliyinin iqtisadi inkişafa təsirlərinin təhlil edildiyini diqqətə çatdırıblar. Bu istiqamətdə UNEC-lə əməkdaşlığın faydalı olacağını vurğulayıblar.

Görüşdə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı həm ölkə üzrə, həm də regional data bazaların hazırlanması və yığılması istiqamətində UNEC-in mövcud imkanlarını açıqlayıb.

BMDM-in direktoru dosent Fariz Əhmədov iqlim dəyişikliyi və Qarabağın ekolji bərpası ilə bağlı dövlət və özəl qurumların sifarişi əsasında magistr və doktorantlar tərəfindən 200-dən çox tədqiqat işinin yerinə yetirildiyini bildirib. O, Qarabağda ermənilər tərəfindən ətraf mühitə dəyən ekoloji zərərlə bağlı Dünya Bankının təqdim etdiyi istiqamətlər üzrə tədqiqatların aparıla biləcəyini qeyd edib.

Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin rəhbəri Gülnar Mirzəyeva isə mərkəzin 5 əsas fəaliyyət istiqaməti, həyata keçirilən tədbirlər və UNEC-in qalib olduğu Erasmus+ qrant layihəsi çərçivəsində görüləcək işlər barədə məlumat verib.

Sonra tərəflər arasında Azərbaycanın iqlim və inkişaf məqsədlərinə nail olması istiqamətində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Regional tədqiqat jurnalının yaradılması, yaşıl enerji və enerji iqtisadiyyatı sahəsində mütəxəssis hazırlığı, Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına Sosial Biznes Mərkəzində iqlim dəyişikliyi, eləcə də Qarabağın ekoloji bərpası və işğaldan azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyatın tətbiqi istiqamətində birgə tədqiqatların aparılması ilə bağlı təkliflər səsləndirilib.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!