Heydər Əliyev İlinə həsr olunan beynəlxalq konfransda yaşıl iqtisadiyyatla bağlı aktual mövzular müzakirə olundu

23 İyun 2023
view242
Elm

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı davam edir.

Konfransın “Yaşıl Gün”ə həsr olunan ikinci gününün birinci paneli “Təmiz və alternativ enerji: dayanıqlı inkişafın əsas sütunu kimi” mövzusunda olub. Tədbirdə yaşıl iqtisadiyyat və bərpa olunan enerji ilə bağlı ölkənin və xarici dövlətlərin müvafiq qurumlarının rəhbərləri, eləcə də alim və tədqiqatçıları iştirak ediblər.

UNEC rektoru prof.Ədalət Muradov konfransın ikinci günündə iştirakçıları salamlayaraq, tədbirin “Yaşıl Gün”ə həsr olunduğunu diqqətə çatdırıb. Konfrans çərçivəsində yaşıl iqtisadiyyat mövzusunda  kitabların çap olunduğunu bildirən rektor kitabların elektron variantının kitabxanalara təqdim olunacağını deyib.

Qarabağın işğaldan azad edilməsindən sonra həmin ərazilərin bərpasında yaşıl iqtisadiyyata keçidlə bağlı ölkə Prezidenti tərəfindən qarşıya qoyulan tapşırıqlardan söz açan Ə.Muradov yaşıl iqtisadiyyatın elmtutumlu və texnologiyalara əsaslandığını bildirərək, bu istiqamətdə elm və təhsil müəssisələrinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb. Konfransın yaşıl iqtisadiyyata həsr olunmasının məhz bu tapşırıqların icrasından irəli gəldiyini diqqətə çatdırıb. Rektor panellərdə yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, alternativ enerji ilə bağlı yaşıl Azərbaycan üçün əhəmiyyət kəsb edən elmi-praktiki müzakirələr aparılacağını və təkliflər irəli sürüləcəyini bildirib.

Konfransın moderatoru, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli mövzunun aktuallığına diqqət çəkərək, elmi-praktiki müzakirələrin təşkil olunmasının iqtisadiyyatın inkişafında mühüm rol oynadığını deyib. Yaşıl enerjiyə keçidin aktual məsələlərdən olduğunu bildirən B.Aslanbəyli dünya iqtisadiyyatında texnoloji və iqtisadi səmərəlilik nöqteyi-nəzərindən yaşıl enerjinin axtarışlarının davam etdiyini vurğulayıb. Azərbaycanın bu sahədə zəngin potensiala malik olduğunu və regionda aparıcı mövqelərini qorumaqda israrlı olduğunu bildirib.

Sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova nazirliyin bərpa olunan enerji sahəsində atdığı addımlar, bu istiqamətdə müəyyən olunan yol xəritəsi barədə məlumat verib.

BMT-nin inkişaf proqramının milli layihə koordinatoru Nazim Məmmədov BMT- nin bu istiqamətdə olan baxışlarından və Azərbaycanda həyata keçiriləcək layihələrdən danışıb.

Ventura laboratoriyasının direktoru Paris de Eltraz isə yaşıl iqtisadiyyat, bərpa olunan enerji ilə bağlı startapın Avropa praktikasını bölüşüb.

“KRAFT ENERGY”nin rəhbəri Toğrul Əziz Azərbaycanda yaşıl enerji sahəsində fəaliyyət göstərən müəssisələrin üzləşdiyi çətinliklərdən danışıb və həlli istiqamətində fikirlərini bölüşüb.

Müzakirələrdən sonra rektor Ədalət Muradov spikerlərə maraqlı və səmərəli çıxışlarına görə təşəkkür plaketlərini təqdim edib.

Konfrans UNEC-in rəsmi facebook səhifəsindən canlı yayımlanıb.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!