İyunun 23-də UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransının açılış mərasimi olub.
Açılışdan öncə konfrans iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil qoyublar və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
“Baku Marriott Hotel Boulevard”da təşkil olunan konfransın açılışında təhsil nazirinin müavini Firudin Qurbanov, UNEC rektoru professor Ədalət Muradov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, alim və tədqiqatçılar iştirak ediblər.
Konfransın açılışında çıxış edən rektor professor Ədalət Muradov iştirakçıları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Rektor UNEC-in iki gün öncə əldə etdiyi yeni uğuru iştirakçılarla bölüşüb. U-Multirank reytinq təşkilatının açıqladığı dünya universitetlərinin 2022-ci il reytinqində UNEC-in 251-300-cü yerə yüksəldiyini, Asiya universitetləri arasında 18-ci ən yaxşı nəticəni göstərdiyini, İqtisadiyyat fənni üzrə dünyada 151-200-cü yerdə qərarlaşdığını diqqətə çatdıraraq, qürur duyduğunu bildirib.
Rektor hər il keçirilən və dünyanın müxtəlif ölkələrinin tədqiqatçılarını bir platformada toplayan konfransa marağın ildən-ilə artdığının sevindirici olduğunu deyib. Qeyd olunub ki, 27 ölkədən təqdim olunan 613 tədqiqat işindən 270-i konfransda məruzə olunmaq üçün qəbul edilib. Konfrans çərçivəsində işğaldan azad olunan bölgələrin iqtisadi potensialı ilə bağlı seçilmiş tədqiqat işlərindən ibarət “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu” və “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının qiymətləndirilməsi” adlı 3 kitab nəşr olunub.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkənin iqtisadi inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, elm və təhsilin inkişafı istiqamətində qəbul edilən dövlət proqramlarından söz açıb. Dünya iqtisadiyyatının və elminin qarşısında duran vəzifələrə toxunan nazir müavini, alternativ enerji ehtiyatları, yaşıl iqtisadiyyatın inkişafının vacibliyinə diqqət çəkərək, bu istiqamətdə ali təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü deyib. O, konfransa təqdim olunan məqalələrin və konfransın müzakirə mövzularının ölkəmizin, eləcə də dünyanın gələcək inkişafına töhfələr verəcəyindən əminliyini ifadə edib.
Paşa Holdinq şirkətlər qrupunun baş iqtisadçısı Elman Eminov əmək bazarında baş verən dəyişikliklər və ali təhsil müəssisələrinin bu istiqamətdə rolundan danışıb. Holdinq rəsmisi Azərbaycanın əmək bazarında xaricə axının müşahidə olunduğuna diqqət çəkərək, bu sahədə ali təhsil müəssisələrinin rolunun, eləcə də biznes strukturlarının sosial məsuliyyətinin artdığını bildirib. O, Paşa Holdinqlə UNEC-in uğurlu əməkdaşlığını vurğulayaraq, bu əməkdaşlığın bundan sonra daha da yüksələcəyini bildirib.
Konfrans Təhsil, Elm, İnnovasiya və Sahibkarlıq mövzusunda yerli və xarici mütəxəssislərin panel çıxışları ilə davam edib.
Çıxışlardan sonra konfransın əsas iştirakçılarına təşəkkür plaketləri təqdim olunub.
Konfransın ikinci hissəsində “Dairəvi iqtisadiyyat və yaşıl artımın maliyyələşdirilməsi” mövzusunda panel müzakirələr aparılıb.
Konfrans çərçivəsində UNEC tələbələrinin əl işlərindən ibarət “Qarabağ Azərbaycandır” adlı sərgi, eləcə də tələbələrin canlı heykəltəraşlıq nümunəsi iştirakçıların böyük marağına səbəb olub.
İyunun 26-dək davam edəcək konfransda dünyanın müxtəlif ölkəsindən olan 50-yə yaxın mütəxəssisin, dövlət, özəl sektor və ali təhsil müəssisələrinin mütəxəssislərinin iştirakı ilə 12 “workshop” təşkil olunacaq. “Workshop”larda universitet-sənaye iş birliyi, biznes idarəçiliyində agile yanaşma, metavers və təhsil, tələbə sahibkarlığı, ali təhsildə rəqəmsal bacarıqlar, enerji amili və davamlı iqtisadi inkişaf, pandemiyanın sosial iqtisadi təsirləri, innovasiya ekosistemi və universitetlər, süni intellekt və iqtisadiyyatda təsirləri, davranış iqtisadiyyatı, səhiyyə menecmenti və rəqəmsal iqtisadiyyat mövzularında maraqlı müzakirələr keçiriləcək.
*
https://news.unec.edu.az/xeber/100-elm/8996-bold-red-igtisadiyyat-ve-idareetme-sahesindetedgigatchilarin-iv-beynelxalg-elmi-konfransina-start-verildi-bold-red