“UNEC-in 2030-cu ilədək əsas hədəflərindən biri “yaşıl universitet”ə keçiddir ki, bununla əlaqədar olaraq müvafiq işlər həyata keçirilməkdədir. Həmçinin “yaşıl iqtisadiyyat” ixtisası üzrə magistratura proqramı hazırlamağı hədəfləyirik”.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda səsləndirib.
Rektor Avropa komissiyasının Erasmus+ proqramı üzrə UNEC-in qalib olduğu “REFRESH” layihəsindən də söz açıb: “Bu ildən etibarən UNEC Azərbaycan universitetlərində yaşıl və davamlı iqtisadi təkmilləşdirməni hədəfləyən “REFRESH” layihəsini növbəti 3 ildə icra edəcək. Ümumi dəyəri 703 min avro olan layihənin əsas məqsədi Azərbaycanda bərpa olunan enerji sahəsində insan kapitalının stimullaşdırılmasına töhfə verməkdir. Layihə çərçivəsində bərpa olunan enerji mənbələri üzrə universitetlərdə davamlı olaraq yerli kadrların hazırlanması, “yaşıl bacarıqların” aşılanmasının əsası qoyulacaq və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədinə töhfələr veriləcəkdir. İlk dəfədir ki, ölkə üzrə 6 universitetdə bərpa olunan enerji mənbələri üzrə kurikulumun yaradılması ilə bu sahədə milli kadrların yetişdirilməsinə start verilir. REFRESH layihəsi bu baxımdan yaşıl iqtisadiyyata keçid istiqamətində ali təhsil müəssisələrində tədrisin kütləvi şəkildə əsasını qoyan ilk və yeganə layihədir”.
Professor Ədalət Muradov Avropa təcrübəsi əsasında yeni kurikulumun bir hissəsi olan Virtual Öyrənmə Simulyasiyası (VLS) laboratoriyalarının əhəmiyyətindən də danışıb: “Bu laboratoriyalar yerli universitetlərin hər birində yaradılacaq. Kurikuluma edilən bu dəyişikliklər yerli ali məktəblərdə tədrisin keyfiyyətini və praktikliyini artırmaq məqsədi daşıyır. Bu da öz növbəsində Azərbaycanda “yaşıl bacarıqları” stimullaşdıracaq və nəticə etibarilə iqtisadiyyatın uğurlu yaşıl keçidinə töhfə verəcəkdir”.
Rektor “Yaşıl universitet” siyasət sənədinin hazırlanaraq, maraq qrupları arasında paylaşılacağını da deyib: “Yaşıl universitet” ali təhsil müəssisələri bazasında “yaşıl iqtisadiyyat”, həm də ekoloji mədəniyyətin formalaşması modelidir. O, davranış aspektlərini, texniki idarəetmə və təhsil innovasiyalarını ehtiva edir. Universitetlər ekoloji innovasiyalar və “yaşıl iqtisadiyyat” mərkəzinə çevrilirlər”.
Ədalət Muradov ekologiya sahəsində yeganə beynəlxalq reytinq olan “UI Green Metric World University Ranking”in məqsədinin akademik cəmiyyətin dəstəyi ilə ətraf mühitin problemlərinin həllinə kömək etmək olduğunu vurğulayaraq, bu istiqamətdə təkliflər səsləndirib: “Tullantıların idarə edilməsi üzrə proqramlar hazırlansın, Yay yaşıl universitet məktəbi yaradılsın və Ali Təhsil Müəssisəsləri Ekofestivalı keçirilsin”.
Xatırladaq ki, “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans oktyabrın 12-dən öz işinə başlayıb. Konfransın rəsmi açılışında elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, UNEC-in rektoru professor Ədalət Muradov, energetika nazirinin müavini Samir Vəliyev, bp-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Prof.Dr. Lüftihak Alpkan, Beynəlxalq Liderlik, Texnologiya, Yenilik və İdarəetmə Konfransının sədri professor Cemal Zehir çıxış ediblər.
Elm və Təhsil Nazirliyinin dəstəyi, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təşəbbüsü, UNEC, Yıldız Texnik Universitesi, AETN İdarəetmə Sistemləri İnstitutu və Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans oktyabrın 14-dək panel müzakirələrlə davam edəcək.