Bakı, 10 avqust, AZƏRTAC
“SCOPUS”da indekslənmiş jurnallarda dərc olunmaq tədqiqatçılar və alimlər üçün bir sıra mühüm üstünlüklərə malikdir. “SCOPUS” “Elsevier” nəşriyyatının geniş miqyasda tanınan və nüfuzlu multidisiplinar xülasə və sitat bazasıdır və müəlliflərin burada indeksləşdirilməsinin bir sıra faydaları vardır. Bunlar etibarlılıq və tanınma, geniş beynəlxalq oxucu auditoriyası, təsir faktorunun artması, akademik qiymətləndirmədə üstünlük, əməkdaşlıq imkanları, beynəlxalq tanınma (nüfuz), əsərlərin uzunmüddətli və etibarlı saxlanması və s.-dir.
“SCOPUS” xülasələndirmə və indeksləşdirmə elmmetrik bazasına daxil olan jurnallarda Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 386 müəllifin 938 (805-i məqalə, 84-ü konfrans materialı və s.) elmi əsəri nəşr olunub. Bu əsərlərin elm sahəsinə görə təsnifində biznes, menecment və mühasibatlığa (240) dair məqalələr say hesabı ilə üstünlük təşkil edir. İqtisadiyyat, ekonometrika və maliyyə (234) və mühəndislik (217) sahələri üzrə məqalələr müvafiq olaraq 2-ci və 3-cü yeri paylaşır.
Bu barədə AZƏRTAC-a UNEC Kitabxana İnformasiya Mərkəzi, 3 saylı kitabxananın müdiri Nərminə Abdullayeva məlumat verib.
N.Abdullayeva bildirib ki, nəşr ili üzrə təhlildə əgər 2013-cü ildə 7 məqalə var idisə, 2023-cü ildə ilin yekunlaşmamasına baxmayaraq artıq (tək 2023-cü il üçün) burada 200 məqalə indekslənib.
Nəşrlərin ən çoxu ilk 10 jurnalda - “International Journal of Energy Economics And Policy” (52 məqalə), “Eastern European Journal of Enterprise Technologies” (39), “Acta Crystallographica Section E Crystallographic Communications”(30), “Sustainability Switzerland” (21), “Journal of Eastern European And Central Asian Research” (20), “Advances In Intelligent Systems And Computing” (19), “Modern Physics Letters B” (17), “Izvestiya Vysshikh Uchebnykh Zavedenii Seriya Teknologiya Tekstilnoi Promyshlennosti” (16), “Russian Physics Journal” (16), “International Journal of Modern Physics B” (14) yer alıb.
Məqalələrin istinad sayı 4653-dür. Müəlliflərin ən çox əməkdaşlıq etdiyi elmi müəssisələr Azərbaycan Milli Elmlər Akademiyası (151 məqalə), Bakı Dövlət Universiteti (103), Bakı Mühəndislik Universiteti (71) və s.-dir.
Məlumatlar 09.08.2023-cü ilə aiddir.