UNEC-də 1- 27 mart tarixlərində keçirilən və “Heydər Əliyev İli”nə həsr olunan “Elm festivalı” yekunlaşıb.
Elm günündə keçirilən yekun tədbirində çıxış edən elm üzrə prorektor professor Sakit Yaqubov elmi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında və təbliğində, gənclərin elmi fəaliyyətə marağının artırılmasında Elm festivalının keçirilməsinin əhəmiyyətindən danışıb. Ənənəvi olaraq hər il keçirilən Elm festivalında UNEC-in bütün fakültələri, inzibati strukturları və tələbə təşkilatları tərəfindən elmin müxtəlif istiqamətləri üzrə maraqlı və aktual mövzularda tədbirlər keçirildiyini diqqətə çatdırıb.
Sonra Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov görülən işlər barədə hesabatla çıxış edib. Professor Elm festivalı çərçivəsində “Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar, imkanlar və mürəkkəb vəzifələrin həlli yolları” mövzusunda konfrans, eləcə də 4 dəyirmi masa, 4 elmi seminar, 6 açıq elmi-populyar mühazirə, UNEC-in dövri elmi nəşrləri, həmçinin doktorantura ilə bağlı 2 debat, bir görüş olmaqla, 18 tədbir keçirildiyini bildirib. Eyni zamanda UNEC-in professor və müəllimlərinin kitablarından ibarət sərgisi və bir neçə nəşriyyatın iştirakı ilə kitab satış-yarmarkası təşkil olunduğunu qeyd edib.