UNEC-də gənclər üçün Karyera Günü keçirilib

31 Yanvar 2023
view237
Universitet

“2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə UNEC-də gənclər üçün Karyera Günü təşkil olunub.

Tədbir Gənclər və İdman Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Gənclər Fondu və UNEC-in birgə təşkilatçılığı ilə gənclərin məşğulluğu və mövcud potensiallarının reallaşdırılmasının təmin edilməsi məqsədilə keçirilib. 50-dən çox yerli və xarici şirkətin təmsil olunduğu Karyera Günündə 1000-dən çox vakansiya, “İrəliləyiş” layihəsi çərçivəsində isə 1500 gənc üçün nəzərdə tutulmuş təcrübə proqramı təqdim olunub.

Tədbirin rəsmi açılışında gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, UNEC rektoru, professor Ədalət Muradov, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxış ediblər.

UNEC rektoru professor Ədalət Muradov Gənclər Günü münasibətilə tədbirdə iştirak edən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor UNEC-in tələbə və məzunlarının əmək bazarında işlə təmin olunmasının universitetin əsas hədəflərindən olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə həyata keçirilən işlərdən söz açıb. Ötən dövr ərzində UNEC Karyera Mərkəzi tərəfindən 162 tədbirin keçirildiyini, ölkədə ilk dəfə olaraq, UNEC-də təşkil olunan və 120-dən çox şirkət tərəfindən 700 vakansiya, 56 təcrübə proqramının təklif olunduğu Virtual Yarmarkada 708 tələbənin təcrübə proqramı, 464 tələbə və məzunun isə işlə təmin olunduğunu bildirib. Ə.Muradov tələbələrin yumşaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədris olunan fənlərdən, eləcə də onların baracarıqlarının qiymətləndirilməsini əks etdirən qeyri-akademik transkript barədə də məlumat verib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva ölkədə gənclər siyasətinin mühüm tərkib hissəsi olan gənclərin səmərəli məşğulluğu, onların iqtisadi inkişaf proseslərinə cəlb olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlardan söz açıb. Nazir müavini gənclərin karyera bacarıqlarının orta məktəbdən inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli müasir əmək bazarının tələblərindən söz açaraq, gənclərin bacarıqlarına xüsusi önəm verildiyini bildirib. O, rəqəmsallaşmanın əmək bazarının tələblərini sürətlə dəyişdiyini, bəzi təhsil müəssisələrinin əmək bazarının tələblərinə cavab vermədiyini, real sektorla universitetlərin sıx əməkdaşlığının vacibliyini önə çəkib. M.Abbasbəyli Agentlikdə UNEC-in 150 nəfərdən çox tələbə və məzununun çalışdığını bildirərək, bunun universitetlər arasında ən böyük göstərici olduğunu deyib.

Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov təmsil etdiyi qurumun gənclərin inkişafı istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Karyera günlərinin keçirilməsinin əhəmiyyətindən danışan Q.Xəlilov təşkil olunan yarmarkanın gənclərin işlə təmin olunması istiqamətində faydalı olacağından əminliyini bildirib.

Rəsmi hissə “Gənclər üçün yaradılan fürsətlər” mövzusunda TEDx formatında çıxışlarla davam edib.

Sonra tədbir iştirakçıları şirkətlərin stendləri ilə tanış olublar.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!