UNEC-in Sankt-Peterburq konfransından tarixi QƏRARLAR – EKSKLÜZİV AÇIQLAMA

26 Aprel 2023
view268
UNEC KİV-də

iqtisadiyyat.az

Azərbaycan Dövlət İqtisad Universiteti ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sankt-Peterburq şəhərində “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, konfrans Ulu Öndər Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlığa verdiyi töhfələrin, o cümlədən iki ölkənin iqtisadi, enerji və mədəni əməkdaşlıq layihələrinin müzakirəsinə həsr olunub.

Beynəlxalq konfransda UNEC rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiya və Azərbaycanın dövlət nümayəndələri, ictimai xadimlər, tədqiqatçı və ekspertlər iştirak ediblər.

Sankt-Peterburq Dövlət İqtisad Universitetinin (SPDİU) rektoru, professor İqor Maksimtsev konfransın açılışında çıxış edərək, Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlıq münasibətlərindən danışıb. Bu qarşılıqlı əməkdaşlıqda universitetlərin xüsusi rolunu diqqətə çatdırıb.

Rektor, prof. Ədalət Muradov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində ümummilli liderə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Konfransın Sankt Peterburq şəhərində keçirilməsinin iki əsas məqamını diqqətə çatdıran rektor, ulu öndərin bir zamanlar bu şəhərdə ali təhsil aldığını iştirakçıların diqqətinə çatdırıb.

Həmçinin UNEC-in əvvəllər SPDİU-nun Bakı şəhərindəki filialı kimi fəaliyyət göstərdiyini bildirməklə əvvəlki filialın hazırda müstəqil Azərbaycanda fəaliyyət göstərən nüfuzlu universitetə çevrilməsindən və ali təhsil ocağının beynəlxalq təhsil sistemində qazandığı uğurlardan söz açıb. Ədalət Muradov konfransın hər iki universitet arasındakı yeni əməkdaşlığın inkişafına töhfələr verəcəyindən əminliyini ifadə edib.

Konfransda UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə Olunması Departamentinin direktoru, professor, əməkdar müəllim Zahid Məmmədovun “Azərbaycan ilə Rusiya arasında strateji əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” haqqında məruzəsi iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

“Azərbaycanlı tələbələr Sankt-Peterburqda ödənişsiz doktorantura təhsili ala biləcəklər”

Konfransda UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektorları arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənədə əsasən, tərəflər arasında müəllim və tələbələrin akademik mübadilələrinin stimullaşdırılması, birgə təhsil proqramlarının hazırlanması, elmi konfransların təşkili, tədqiqatların aparılması və elmi məqalələrin nəşri nəzərdə tutulub.

Tədbirdə iştirak etmiş iqtisadçı-professor Zahid Məmmədov İqtisadiyyat.az-ın suallarını cavablandırıb. Beynəlxalq konfransın önəmindən danışan Z.Məmmədov bir sıra vacib qərarlar verildiyini vurğulayıb: “UNEC-in rektoru hörmətli Ədalət Muradovun şəxsi nüfuzu sayəsində azərbaycanlı tələbələr tam ödənişsiz əsaslarla Sankt-Peterburq Dövlət İqtisad Universitetində doktorantura təhsili ala biləcəklər. Bundan başqa müəllim-professor heyyətimiz ödənişsiz ixtisasartırma kurslarının imkanlarından yararlana biləcəklər. Eyni zamanda həm bizim, həm də onların elmi jurnallarında qarşılıqlı şəkildə elmi məqalələrə yer ayrılması qərara alınıb. Həmçinin nüfuzlu elm adamlarının Azərbaycanda açıq mühazirələrinin təşkili də qəbul edilən qərarlar sırasındadır”.

Konfransda həmçinin Parlamentlərarası assambleyanın Azərbaycan nümayəndəsi Aydın Cəfərovun, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovun çıxışları da yüksək rəğbətlə qarşılanıb. Sözügedən şəxslərin Azərbaycan-Rusiya münasibətlərinin güclənməsində, orada yaşayan həmyerlilərimizin birliyinin qorunub saxlanılmasında, ölkələr arasındakı ikitərəfli mədəni və ticari əlaqələrin yüksək səviyyəli inkişafında göstərdiyi xidmətləri vurğulayan Z.Məmmədov maraqlı bir məqama da diqqət çəkib. Belə ki, bir vaxtlar Sankt-Peterburqda yaşayıb yaratmış Azərbaycan ziyalılarının – Əbürrəhim bəy Vəzirov, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Ulu Öndər Heydər Əliyev və digər həmyerlilərimizin Sankt-Peterburqdakı fəaliyyət dönəmi indiyə qədər lazımınca araşdırılmayıb. Professor Z.Məmmədovun sözlərinə görə, bu məsələyə həssaslıqla yanaşan UNEC rektoru Ədalət Muradov tezliklə bir neçə azərbaycanlı tədqiqatçının sözügedən şəhərə ezam olunması ilə bağlı göstəriş verib. Tarixçilərimiz orada yaşamış azərbaycanlıların fəaliyyəti ilə bağlı dərin araşdırmalar aparacaq: “Vaxtı ilə, Çar Rusiyası dönəmində Sankt-Peterburqda çox ciddi işlərlə məşğul olan azərbaycanlılar olub. Rusiya Dövlət Dumasına qədər yüksələn həmyerlilərimiz olub. Bu insanları cəmiyyətimiz kifayət qədər tanıyırmı? Onlar haqqında araşdırmalar aparılıbmı? Biz hər kəsə göstərməliyik ki, vaxtı ilə azərbaycanlıların Rusiyanın inkişafında xidmətləri olub. Bunların hamısı araşdırılmalı və üzə çıxarılmalıdır”.

“Daha bir yenilik – Həmyerlilərimizin Sankt-Peterburqdakı fəaliyyəti araşdırılacaq”

Professor elmi yığıncaqda müzakirə edilən daha bir yeni xəbəri bizimlə bölüşüb. Onun sözlərinə görə, bundan sonra SDİU-nun elmi jurnalında hər ay Azərbaycandan göndəriləcək bir elmi məqaləyə yer ayrılacaq: “Kim Azərbaycan iqtisadiyyatı, mədəniyyəti ilə bağlı, ümumən Azərbaycanın tanıdılması ilə bağlı elmi işlərini dünyaya çıxarmaq istəyirsə, buyursun, ödənişsiz şəkildə orada çap etdirməyə hazırıq. Elə sizin sayt vasitəsilə də çağırış edirik ki, Rusiyada və dünyada qəbul edilən elmi dərgilərdə çap olunmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, bir sözlə böyük işlər görmək imkanı var. Kimlər maraqlıdırsa, buyursun bu imkandan yararlansın”.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!