UNEC-də “Heydər Əliyev İli” çərçivəsində "Xarici dilin öyrənilməsində İnnovativ Strategiyalar" adlı I Beynəlxalq Forum (IFFT-2023) öz işinə başlayıb.
Forumun açılışında rektor, prof. Ədalət Muradov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld, “Yelo Bank”ın idarə heyətinin sədri Anar Həsənov, Heydər Əliyevin şəxsi tərcüməçisi, Harvard Universitetinin məzunu Tahir Kərimov, həmçinin yerli və xarici təhsil müəssisələrinin xarici dil müəllimləri iştirak ediblər.
Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, sonra Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin 2002-ci il 13 iyun tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyindəki nitqi nümayiş olunub.
UNEC rektoru professor Ədalət Muradov Ulu Öndərin universitetin 70 illik yubileyində çıxışı zamanı dediyi fikirləri səsləndirib: “İqtisadiyyatı irəliyə aparmaq, dünyanın mürəkkəb maliyyə və iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır”. Rektor UNEC-in strateji hədəflərinin Ulu Öndərin həmin tövsiyələrinə əsaslandığını diqqətə çatdıraraq, universitetdə bu istiqamətdə tətbiq olunan yeniliklərdən söz açıb. Gənclərin xarici dil biliklərinə daha yaxşı yiyələnmələri və məzun olduqda ən azı bir xarici dilə sahib olmaları məqsədilə UNEC-in British Council-la IELTS tərəfdaşı olduğunu və Xarici Dil Mərkəzinin yaradıldığını diqqətə çatdırıb. Eləcə də xarici dilin 4 bacarıq üzərindən, beynəlxalq təcrübəyə əsasən 2 il tədris olunduğunu qeyd edib.
Forumda çıxış edən səfir Fergus Auld ingilis dilinin Azərbaycanda təbliğinin səfirliyin əsas prioritetlərinin biri olduğunu bildirib. Cənab səfir UNEC-in British Councilin IELTS tərəfdaşı olduğunu yüksək qiymətləndirərək, gənclərin xarici dil biliklərinə yiyələnmələrinin vacibliyini vurğulayb. O, xarici dilin öyrənilməsində şəxsi təcrübəsini bölüşərək, ölkəmizdə olduğu müddət ərzində Azərbaycan dilini öyrəndiyini də qeyd edib.
Ümummilli Lider Heydər Əliyevin şəxsi tərcüməçisi olmuş Harvard Universitetinin məzunu Tahir Kərimov Ulu Öndərin ölkə diplomatiyasında xarici dilin tətbiqi ilə bağlı yanaşmasından, bu istiqamətdə apardığı islahatlardan və uğurlu nəticələrindən danışıb.
“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov məzunu olduğu universitetdə olmaqdan qürur duyduğunu bildirib. Ulu Öndərin İqtisad Universitetinə səfəri ilə bağlı xatirələrini bölüşən A.Həsənov, universitetdə Ümummilli Liderin tövsiyələrinə əsasən aparılan yenilikləri yüksək qiymətləndirib. O, UNEC ilə “Yelo Bank”ın əməkdaşlığının bu istiqamətdə faydalı ola biləcəyini diqqətə çatdırıb.
Forumun moderatoru, UNEC Dil Mərkəzinin rəhbəri dosent Aysel Xəlilova forumun proqramı barədə məlumat verib. Bildirib ki, forumda fərqli mövzularda və müxtəlif təlimçilərin çıxışı ilə 14 workshop da təşkil olunacaq.
Çıxışlardan sonra forum British Counsil, eləcə də yerli və xarici universitetlərin nümayəndələrinin təqdimatları ilə ingilis dilinin tədrisində yaranan çətinliklər, onların həlli yolları, tələbələrin biliyinin qiymətləndirilməsi, tendensiyalar və imkanlarla bağlı panel müzakirələrlə davam edib.
CBC