Oktyabrın 12-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Yıldız Texnik Universitesi, AETN İdarəetmə Sistemləri İnstitutu və Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyinin birgə təşkilatçılığı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
Tədbirin açılışında elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, UNEC-in rektoru professor Ədalət Muradov, energetika nazirinin müavini Samir Vəliyev, bp-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli, Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Prof.Dr. Lüftihak Alpkan, Beynəlxalq Liderlik, Texnologiya, Yenilik və İdarəetmə Konfransının həmsədri professor Cemal Zehir, digər dövlət rəsmiləri, elm və təhsil müəssisələrinin rəhbərləri, nümayəndələr iştirak ediblər.
Beynəlxalq konfransın açılışından öncə qonaqlar UNEC tələbələrinin əl işlərindən ibarət “Ekoloji” qida, “Yaşıl” kitab, “Yaşıl” geyim və moda, “Yaşıl texnologiya” adlı sərgini ziyarət ediblər, eləcə də Kitabxana İnformasiya Mərkəzinin fondunda olan “yaşıl” iqtisadiyyat və ekologiyadan bəhs edən kitablarla tanış olublar.
UNEC-in rektoru professor Ədalət Muradov Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən birinin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək olduğuna diqqət çəkərək, elm və təhsil müəssisələrinin üzərinə bu istiqamətdə mühüm vəzifələrin düşdüyünü deyib. 3 gün davam edəcək konfransda aparılacaq müzakirələrin və əldə olunacaq nəticələrin iqtisadi artıma, iqtisadi davamlılığın artırılmasına və beynəlxalq aləmdə mövcud mövqelərin daha da möhkəmləndirilməsinə mühüm təsir göstərəcəyindən əminliyini ifadə edib. Rektor 2030-cu ilədək “yaşıl universitet”ə keçidi hədəfləyən UNEC-də “yaşıl iqtisadiyyat”la bağlı görülən işlərdən də söz açıb. İlk dəfə olaraq, “yaşıl iqtisadiyyat” ixtisası üzrə magistratura proqramının hazırlanacağını vurğulayıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qlobal iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, eləcə də qlobal qida təhlükəsizliyinə, regional təhlükəsizlik sistemlərinə neqativ təsirlərindən söz açıb. Hazırda yaşıl iqtisadiyyata keçidin bütün dünyanı aktual çağırışlar qarşısında qoyduğunu bildirib.
Elm və təhsil naziri Emin Əmrullayev konfransın mövzusunun aktuallığına diqqət çəkərək, ölkədə texniki, texnoloji sahələr, xüsusilə mühəndislik ixtisasları üzrə mütəxəssis hazırlığına marağın getdikcə artdığını diqqətə çatdırıb. Nazir elm və təhsil mərkəzlərində yaşıl iqtisadiyyat, ekoloji təmiz mühitlə bağlı tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqtisadiyyatın sürətli inkişafının ekoloji mühitə təsirindən söz açaraq, bu sahənin qlobal çağırışlar qarşısında qaldığını deyib. Nazir alternativ enerji vasitələrindən istifadənin genişləndirilməsi, təbii sərvətlərdən səmərəli istifadənin vacibliyindən bəhs edib. Eləcə də Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerjinin tətbiqi istiqamətində aparılan islahatlardan danışıb.
Energetika nazirinin müavini Samir Vəliyev bərpa olunan enerji mənbələrinin ölkənin inkişafında strateji prioritet kimi müəyyənləşdirdiyini bildirərək, ölkədə külək və günəş enerjisinin tətbiqi istiqamətində görülən işlər, həmçinin Azərbaycanın “yaşıl artım” ölkəsi, “yaşıl” enerjinin istehsalçısı və ixracatçısı kimi həyata keçirdiyi layihələrdən söz açıb.
Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, millət vəkili Soltan Məmmədov, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini professor Lütfihak Alpkan, ASELSAN-ın Korporativ idarəetmə üzrə vitse-prezidenti professor Hakan Karataş, Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, konfransın həmsədri Prof.Dr. Cemal Zehir və digər çıxış edənlər “Yaşıl iqtisadiyyat” prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatı və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi barədə fikirlərini bölüşüblər, konfransda əldə olunan nəticələrin bu istiqamətdə əhəmiyyətli olacağını deyiblər.
Sonra çıxış edən konfrans iştirakçılarına plaketlər təqdim olunub.
UNEC-in departament direktoru professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən beynəlxalq konfrans öz işini dəyirmi masada iqtisadi siyasət, “yaşıl” iqtisadiyyat, “yaşıl” təhsil və “yaşıl” universitet, təbii ehtiyatların idarə edilməsi üzrə siyasət, davamlı inkişaf, iqtisadi, demoqrafik artımın ətraf mühitə təsiri, su resurslarından səmərəli istifadə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl” texnologiyaların tətbiqi, “yaşıl” nəqliyyat vasitələrindən istifadə, “yaşıl” maliyyə, işğaldan azad edilmiş ərazilərin “yaşıl” iqtisadiyyat potensialı mövzularında müzakirələrlə davam etdirib.
Dəyirmi masadan sonra konfrans iştirakçıları ağacəkmə aksiyasına qatılıb.
Beynəlxalq konfrans oktyabrın 14-dək davam edəcək.