Bu ixtisas üzrə təhsil alan tələbələr təbii və süni ətraf mühit amillərinin davamlı istifadəsini və inkişafını təmin etmək üçün milli, regional və qlobal miqyasda texnoloji, siyasi və strateji hədəfləri müəyyənləşdirməyi, müasir üsul, vasitə və metodlarla ekoloji vəziyyətin qiymətləndirilməsini, çirklənmə mənbələrinin müəyyən edilməsi və zərərsizləşdirilməsini, sənaye sahələrinin insan orqanizminə və ekoloji mühitə ziyanlı təsirinin təhlilini, istehsal və istehlak fəaliyyətlərinin insan sağlamlığına, rifahına və təbii tarazlığa zərər verməyəcək şəkildə planlanması üçün lazımi preventiv tədbirləri, qlobal istiləşmənin səbəblərinin araşdırılması və proqnozlaşdırılmasını, ekoloji proseslərin riyazi modellər, fiziki müşahidələr və ölçmələr vasitəsilə ətraf mühitə təsirinin qiymətləndirilməsini, su anbarlarının və su ehtiyatlarının inteqrasiyalı idarə edilməsini, tullantısız istehsal prosesləri və tullantıların təkrar emalını, su, hava və torpaq çirkliliyinin ölçülməsi və idarə olunmasını öyrənir. Məzunlar ekologiya mühəndisliyi ilə bağlı istənilən istehsal sahələri, idarələr, müəssisələr, təşkilatlar və s. sferada: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Azərsu ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində, özəl şirkətlərdə, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) bölümündə, neft və kimya sənayesi şirkətlərində (SOCAR, BP və s.), tullantıların idarə olunması ilə məşğul olan şirkətlərdə, Təmiz şəhərdə, bərk tullantıların yandırılması zavodunda, Azərsun Holding şirkətində karton, kağız tullantılarının təkrar istehsalı və keyfiyyətə nəzarət bölümündə, digər yerli və xarici şirkətlərdə, elmi tədqiqat laboratoriyalarında və universitetlərdə çalışa bilərlər.