İqtisadiyyat ixtisası – vacib əhəmiyyət kəsb edən iqtisadi məsələləri dərk etmək, dünyada ən mühüm iqtisadi problemlər haqqında yaradıcı və dərindən düşünməyi öyrədir. İqtisadiyyat dövlət siyasətinin təhlili üçün əsas çərçivəni təmin edir, bazar və sosial nəticələri formalaşdıran əsas siyasət məsələlərini başa düşmək üçün zəmin yaradır. İxtisas qlobal yoxsulluğun aradan qaldırılması və ətraf mühitin yaxşılaşdırılmasına qədər dünyanın ən aktual suallarına cavab tapmaqda kömək edir, dövlət siyasəti müzakirələrində iştirak etmək və iqtisadi, sosial tərəqqi üçün hərəkət imkanları yaradır.
İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr iqtisadi səmərəlilik, iqtisadi artım, qlobalizm, sosial ədalət, sərvət və yoxsulluq, güc, fərdi azadlıq, ayrı-seçkilik, mədəni dəyərlər və ətraf mühitlə bağlı məsələlərə müxtəlif yanaşmaları tətbiq etməyi öyrənir.
Bu ixtisası bitirən bakalavr və magistrlar daim dəyişən dünyada iqtisadi qərarların qəbul olunmasında, sosial-iqtisadi siyasət, hüquq, maliyyə, risklərin idarə edilməsi, xarici əlaqələr, bazar təhlili və s. müxtəlif və analitik bacarıqlara malik olurlar.
İqtisadiyyat ixtisası iqtisadiyyatın bütün sahələrini əhatə edən geniş spektrli, peşəkar mütəxəssis yetişdirir. Məzunlar sosial-iqtisadi hadisələrin sistemli təhlil edilməsini, tənzimlənmsinin forma, metod və vəsaitlərini dərindən mənimsəməklə bütünlükdə milli iqtisadiyyat, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti və digər sahələrdə istehsal amillərindən, səmərəli istifadə üçün konkret nəticə çıxarmağı, mikro, mezo və makro səviyyədə əsaslandırılmış optimal qərarlar qəbul etməyi, habelə sosial-iqtisadi prosesləri proqnozlaşdırmağı bacarır. Onlar dövlət strukturlarının müvafiq bölmələrində, ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik, orta və iri təsərrüfatçılıq subyektlərində, xarici iqtisai fəaliyyətlə məşğul olan şirkətlərdə və digər biznes strukturlarında fəaliyyət göstərə bilər.
İqtisadiyyat ixtisası tələbələrə iqtisadiyyat sahəsində nəzəri baza yaratmaqla, cari iqtisadi hadisə və hadisələri başa düşmək, iqtisadi problemləri dərk etmək və onların həlli yollarını axtarıb tapmaq bacarığını aşılamaq məqsədi daşıyır. Bu məqsədlə tələbələr iqtisadiyyatın əsasını təşkil edən Mikroiqtisadiyyat, Makroiqtisadiyyat, Beynəlxalq iqtisadiyyat, Bank və maliyyə, Pul nəzəriyyəsi kimi əsas fənlərlə yanaşı, elmi təhlilin tələb etdiyi analiz vasitələrindən istifadə etmək bacarığına yiyələnmələri üçün onlara Riyaziyyat, Statistika, Ekonometrika, Ətraf mühitin iqtisadiyyatı, Əməyin iqtisadiyyatı, Reklam işi, Azərbaycan iqtisadiyyatı, İqtisadi fikir tarixi, Beynəlxalq iqtisadiyyat, Sosial sahələrin iqtisadiyyatı. Rəqəmsal iqtisadiyyat, Beynəlxalq biznes iqtisadiyyatı, Aqrar iqtisadiyyat, Firmanın iqtisadiyyatı və s. kimi fənlər də tədris olunur.