Materillar mühəndisliyi – materiallar, onların struktur və xassələrələrinin öyrənilməsi, əvvəlcədən müəyyən edilmiş texnoloji və funksional xassələrə malik olan yeni materialların işlənib hazırlanması, onların istehsal texnologiyası və utilizasiyası ilə məşğul olur. Fizika, riyaziyyat, kimya elmlərinə maraq göstərən abituriyentlər UNEC-də bu ixtisası seçməklə gələcəkdə böyük uğurlar qazana bilərlər. Əldə edəcəyiniz müasir nəzəri biliklər, yeni yaradılmış, ən yeni cihaz və avadanlıqlarla təchiz edilmiş, respublikada analoqu olmayan laboratoriyalarda qazanacağınız bacarıq və vərdişlər sizin yalnız mövcud materialları ən yaxşı analiz etməyi bacaran bir mütəxəssis kimi deyil, həm də müasir dünyamızın tələb etdiyi innovativ materiallar yarada biləcək bir mütəxəssis kimi formalaşmağınıza imkan verəcəkdir.
Müasir dövrdə belə bir ixtisasa sahib olacaq mütəxəssislər müxtəlif təyinatlı sənaye müəssisələrində, o cümlədən respublikamızda yeni yaradılan texnoparklarda, müdafiə, tibbi və s. təyinatlı materiallar istehsal edən müəssisələrdə materiallar mühəndisi kimi, istehsal müəssisələrində keyfiyyətə nəzarət üzrə mütəxəssis kimi, yeni texnologiyalar əsasında materialların işlənib hazırlanması və materialların keyfiyyətinin tədqiqi sahəsində fəaliyyət göstərən laboratoriyalarda tədqiqatçı-mütəxəssis kimi fəaliyyət göstərə biləcəklər.