Ümumi iqtisadiyyat ixtisası – vacib əhəmiyyət kəsb edən iqtisadi məsələləri dərk etmək, dünyada ən mühüm iqtisadi problemlər haqqında yaradıcı və dərindən düşünməyi öyrədir. İqtisadiyyat dövlət siyasətinin təhlili üçün əsas çərçivəni təmin edir, bazar və sosial nəticələri formalaşdıran əsas siyasət məsələlərini başa düşmək üçün zəmin yaradır. İxtisas qlobal yoxsulluğun aradan qaldırılması və ətraf mühitin yaxşılaşdırılmasına qədər dünyanın ən aktual suallarına cavab tapmaqda kömək edir, dövlət siyasəti müzakirələrində iştirak etmək və iqtisadi, sosial tərəqqi üçün hərəkət imkanları yaradır.
Ümumi iqtisadiyyat üzrə təhsil alan tələbələr iqtisadi səmərəlilik, iqtisadi artım, qlobalizm, sosial ədalət, sərvət və yoxsulluq, güc, fərdi azadlıq, ayrı-seçkilik, mədəni dəyərlər və ətraf mühitlə bağlı məsələlərə müxtəlif yanaşmaları tətbiq etməyi öyrənir.
Ümumi iqtisadiyyat ixtisası iqtisadiyyatın bütün sahələrini əhatə edən geniş spektrli, peşəkar mütəxəssis yetişdirir. Məzunlar sosial-iqtisadi hadisələrin sistemli təhlil edilməsini, tənzimlənmsinin forma, metod və vəsaitlərini dərindən mənimsəməklə bütünlükdə milli iqtisadiyyat, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti və digər sahələrdə istehsal amillərindən, səmərəli istifadə üçün konkret nəticə çıxarmağı, mikro, mezo və makro səviyyədə əsaslandırılmış optimal qərarlar qəbul etməyi, habelə sosial-iqtisadi prosesləri proqnozlaşdırmağı bacarır. Onlar dövlət strukturlarının müvafiq bölmələrində, ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik, orta və iri təsərrüfatçılıq subyektlərində, xarici iqtisai fəaliyyətlə məşğul olan şirkətlərdə və digər biznes strukturlarında fəaliyyət göstərə bilər.