Milli iqtisad elminin nəzəri əsaslarının möhkəmləndirilməsində, Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin hərtərəfli şəkildə tədqiqində, yüksəkixtisaslı iqtisadçı kadrların hazırlanmasında böyük zəhməti olan dəyərli alimlərimizdən biri də bu günlərdə 60 illik yubileyini haqlamış professor Ədalət Muradovdur. Ədalət müəllimi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, görkəmli alim, maarifçilik yolundan usanmayan ziyalı və başqa neçə-neçə ipostasda yetərincə təsvir etmək, onun şəxsiyyətinin, elmi-yaradıcı fəaliyyətinin miqyasını anlamaq üçün, əlbəttə ki, bir yazı çox azdır. Çünki bu cür şəxsiyyətlərin peşəkar həyati portretini tamamlamaq istədikcə, ona yeni ştrixlər, yeni uğurlar, yeni nailiyyət cizgiləri əlavə olunur. Bunu hörmətli professorun zəngin həyat yolu, elmi bioqrafiyası da təsdiqləyir.
Ədalət Muradov 29 yanvar 1962-ci il tarixində Qarabağda - Ağdamın Güllücə kəndində anadan olub. Orta təhsilini Güllücə kənd orta məktəbində alsa da, sonra təhsilini Bakıda davam etdirib. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirib, iki il Sibir Hərbi Dairəsində hərbi xidmət keçib.
Ə.Muradov gənc yaşlarından çalışqan və zəhmətkeş olub, Bakıda Toxuculuq kombinatında çilingər işləyə-işləyə imtahana hazırlaşıb və 1985-ci ildə Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub, oranı da fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində də o, xüsusi intellekti və erudisiyası ilə yaşıdlarından seçilib, 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadasında "İqtisadiyyat və istehsalın təşkili üzrə" SSRİ-də 2-ci yerə layiq görülüb. Kiyevdə təhsil aldığı müddətdə dünyanın bir sıra görkəmli iqtisadçı alimlərindən dərs alıb, iqtisadiyyatın elmi-nəzəri məsələlərinə dərindən yiyələnib və bu mühit onun gələcəkdə səriştəli iqtisadçı alim kimi formalaşmasına öz təsirini göstərib. Ədalət Muradov 1990-cı ildə Kiyev Dövlət Universitetinin əyani aspiranturasına daxil olub və 1993-cü ildə "Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri" ("Strukturnıe preobrazovaniə gkonomiki reqiona pri perexode k rınku") mövzusunda namizədlik dissertasiyasını, 1998-ci ildə isə "Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası" ("İnteqraüiə perexodnoy gkonomiki v sistemu mirovoqo xozəystva") mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Professor Ə.Muradov elmi-nəzəri fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, yüksək ixtisaslı kadrların yetişdirilməsinə əvəzsiz xidmətlər göstərib. 1995-1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində "Makroiqtisadiyyat", "İqtisadi Siyasət", "Beynəlxalq İqtisadiyyat", "Keçid İqtisadiyyatının Ümumi Nəzəriyyəsi" fənlərini, 1999-cu ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Makroiqtisadiyyat", "İqtisadiyyatın dövlət tənzimlənməsi", "Azərbaycanın iqtisadi siyasəti" fənlərini tədris edib, gənc kadrlara iqtisad elminə dair müasir bilik və bacarıqları öyrədib. Ə.Muradov iqtisadiyyat üzrə 8 fəlsəfə doktoru yetişdirib.
Görkəmli alim bir sıra sanballı elmi araşdırmalar aparıb, Azərbaycan iqtisadiyyatının mühüm problemlərini əsl alim peşəkarlığı ilə tədqiq edib, ciddi nailiyyətlər qazanıb. Eyni zamanda alimin dünyanın bilik və təcrübə xəzinəsindən birbaşa faydalanmaq imkanı yaradan dünya mirasının fundamental əsərlərinin Azərbaycan dilinə tərcüməsi istiqamətində fəaliyyəti də xüsusi qeyd edilməlidir. Professor Ə.Muradovun (professor Y.Həsənli və dosent N.Hacıyevin həmmüəllifliyi ilə) "Springer" nəşriyyatında çap edilmiş "World Market Price of Oil: Impactıng Factors and Forecastıng" kitabı, "Azərbaycan iqtisadiyyatı (infoqrafika)" (həmmüəllif dos.Elşən Bağırzadə) kitabı, dosent Anar Rzayevin tərcüməsi və professor Ədalət Muradovun elmi redaktəsi ilə "Pulun əks-milliləşdirilməsi: dəqiqləşdirilmiş arqument. Paralel valyutalar nəzəriyyəsi və təcrübəsinin təhlili" (F.A.Hayek) kitabı, professor Ədalət Muradovun elmi redaktəsi, dosent Elşən Bağırzadə və Təhmasib Əlizadənin tərcüməsi ilə "Dördüncü sənaye inqilabı" (K.Şvab) kitabı və digər işlər dediklərimizə nümunə ola bilər.
Ümumilikdə, 3 dərs vəsaitinin, 4 monoqrafiyanın, 3 tədris proqramının, onlarla nəşrin elmi redaktoru, 100-dən çox elmi məqalənin müəllifidir.
Professorun Azərbaycan iqtisadiyyatının inkişafı naminə uğurlu, səmərəli elmi və təcrübi fəaliyyəti ölkə hüdudlarından kənarda da öz bəhrəsini verib, 160-dan artıq beynəlxalq və yerli konfranslarda, Almaniyada "Sosial bazar iqtisadiyyatı", Yaponiyada "Ümumdünya Ticarət Təşkilatına üzvlük", ABŞ-da "Qanun layihələrinin hazırlanmasında icraedici və qanunverici orqanların əməkdaşlığı", Niderlandda "İnkişaf etməkdə olan ölkələrin ticarət danışıqçıları və inzibatçıları" və s. proqramlarda iştirak edib, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) eksperti kimi də fəaliyyət göstərib.
Çoxşaxəli elmi, elmi-pedaqoji, təcrübi-innovativ, təşkilati fəaliyyət göstərən Ə.Muradov 2002-ci ildən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışıb, 2002-2007-ci illərdə nazirliyin "Makroiqtisadi təhlil və proqnozlaşdırma" şöbəsinə, 2007-2009-cu illərdə "Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı" şöbəsinə, 2009-2014-cü illərdə isə "İqtisadi siyasət, təhlil və proqnozlaşdırma" şöbəsinə rəhbərlik edib. Dövlət Qulluğu müşaviri olan Ə.Muradov, Türk Dünyası İqtisadçılar Birliyinin Sədri, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, "The Journal of Economic Sciences: Theory and Practise (JEST)", "Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi xəbərləri", "Azərbaycanın vergi jurnalı", "UNEC Ekspert" jurnallarının baş redaktoru, "Journal of Global Economy Review" (University of Western Macedonia, Greece) jurnalının redaksiya heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.
Qeyd etmək yerinə düşər ki, Ədalət Muradovun rektorluğu dövründə UNEC-də Azərbaycan elminə və iqtisadiyyatına töhfələr verəcək yüksək keyfiyyətli təhsil və elmi-tədqiqat platforması formalaşdırmaq və inkişaf etdirmək istiqamətində xeyli işlər görülüb. UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsi, şəffaf və səmərəli təhsil mühitinin yaradılması və tədris prosesinin idarəedilməsinin müasir tələblər səviyyəsində qurulması məqsədilə önəmli addımlar atılıb.
Professor Ə.Muradovun uğurlu təşkilatçılığı və səmərəli idarəçiliyi ilə UNEC-in beynəlxalq aləmdə nüfuzu və rolu durmadan artır, UNEC-in bir sıra ölkələrin ali təhsil müəssisələri ilə faydalı əməkdaşlığı nəticəsində Azərbaycan təhsilinin, iqtisadiyyatının identik elmi fenomen kimi beynəlxalq informasiya mühitinə, qlobal arenaya inteqrasiyası istiqamətində ciddi addımlar atılır. Azərbaycan elminin və iqtisadiyyatının daha da inkişafına, dünya arenasında rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə xidmət edən UNEC-də təhsil alan tələbələrin xarici ölkələrə inteqrasiya imkanlarının genişləndirilməsi məqsədilə Avropa və Amerikanın aparıcı universitetləri ilə bakalavr və magistratura pilləsi üzrə 4 beynəlxalq ikili diplom proqramı həyata keçirilməkdədir.
Bu gün hörmətli rektorun və UNEC-in elm, təhsil platformasında mühüm məsələlərdən biri də universitetin beynəlxalq elmi reytinqlərdə irəliləməsidir. Professor Ədalət Muradovun rəhbərliyi ilə bu istiqamətdə də faydalı işlər görülür.
Ədalət Muradov həm elmi, həm təşkilati, həm ictimai fəaliyyəti ilə gənclərə hər zaman vətən sevgisini, vətəndaş dəyərlərini aşılayıb, onlara vətəndaş nümunəsi göstərib. Rektor kimi fəaliyyəti dövründə müəllim və tələbələrlə birlikdə dəfələrlə cəbhə bölgəsində olub, ordumuza dəstəyini nümayiş etdirib, UNEC-də Qarabağa həsr edilmiş yerli və beynəlxalq tədbirlər keçirilib.
Qarabağın azad edilməsinin türk dünyasına iqtisadi təsirləri təhlil edilmiş "Qarabağ müzakirələri", UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin açılışı, "UNEC şəhidləri" kitabının nəşri, UNEC-in "Qarabağa kitabla gedək" kitabtoplama kampaniyasına qoşulması da bu qəbildən həyata keçirilən işlərdəndir.
Professor Ədalət Muradovun səmərəli elmi-təşkilati fəaliyyəti və Azərbaycan iqtisad elminin və təhsilinin inkişafı sahəsindəki əvəzsiz xidmətləri ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Dəyərli ictimai-xadim 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinə, eləcə də "Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasına üzv seçilmiş, "Nizami Gəncəvi ili"ndə elmi-təcrübi fəaliyyəti ilə fərqləndiyinə görə, Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvi-880" Xatirə döş nişanı ilə təltif olunub.
Ədalət müəllim humanist və vətənpərvər ziyalı, qayğıkeş insan, həmkarlarına, gənc kadrlara hər zaman dəstək olan yenilikçi və bacarıqlı rəhbərdir. UNEC-in istər tələbə-müəllim kontingenti, istərsə də kitabxana əməkdaşları rektorun bu məziyyətlərini yüksək qiymətləndirir.
Bu minnətdarlıq hissilə də hörmətli alimimiz Ədalət Muradovu 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycan iqtisad elminin və təhsilinin inkişafı və təbliği kimi şərəfli fəaliyyətində yeni-yeni uğurlar əldə etməyi arzulayırıq.
Adilə ABDULLAYEVA,
Tarix üzrə fəlsəfə doktoru
shttps://news.unec.edu.az/xeber/125-universitet/8354-alim-leyageti-ile-yashanan-omur-edalet-muradovun-60-yashina