Bu gün görkəmli alim, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun 60 yaşı tamam olur. Milli elm və təhsilimizin inkişafına mühüm töhfələr vermiş Ədalət Muradovun son illərdə UNEC-in rektoru kimi göstərdiyi mühüm fəaliyyət bu universiteti təkcə Azərbaycanın deyil, ümumən dünyanın ən nüfuzlu təhsil ocaqları səviyyəsinə yüksəldib. Buna görə də cəsarətlə demək mümkündür ki, professor Ədalət Muradovun rektorluq dövrü həm UNEC-in, həm də bütövlükdə Azərbaycan ali məktəblərinin tarixində müstəsna əhəmiyyətə malik bir mərhələ təşkil edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2014-cü ildə professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) rektor təyin olunub. Ədalət müəllim UNEC-ə rəhbərlik etdikdən sonra ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri olan universitetdə çox mühüm islahatlar aparılıb. Son illərdə UNEC çox böyük inkişaf yolu keçib, mühüm yeniliklərə, uğurlara imza atıb. Demək olar ki, universitet tamamilə yenilənib. Şəffaf idarəetmə sistemi bərpa olunub, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik ön plana çəkilib. UNEC ölkədə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və sair ixtisaslar üzrə kadr hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib. Təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq elektron universitet modeli, elektron sənəd dövriyyəsi, "Bir pəncərə" onlayn sistemi, əcnəbilərin və təkrar ali təhsilə qəbulun internet üzərindən həyata keçirilməsi sistemi yaradılıb. Ən müasir texnologiyalarla təchiz olunan və 20 min tələbəyə distant təhsil vermək gücündə olan "UNEC Extern" mərkəzi istifadəyə verilib.
UNEC-in ciddi tədqiqatlar aparan və tədqiqatların nəticələrini beynəlxalq elmi bazalarda nəşr etdirən tədqiqat universitetinə transformasiyasında uğurlar əldə olunub. 30-dan çox tədqiqat mərkəzi yaradılıb. 9 nüfuzlu xarici universitetlə ikili diplom proqramı reallaşdırılıb. UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərmək üçün yeganə xarici universitet kimi lisenziya alıb. Yunanıstanda akkreditasiyadan keçirilib, Qərbi Makedoniya Universitetində birgə magistr proqramını reallaşdırıb.
Zaqatalada UNEC-in filialının açılması və Maliyyə-İqtisad kollecinin universitetin nəzdinə verilməsi ilə UNEC-in klasterləşməsi həyata keçirilib. Tələbə özünüidarəetməsində yeniliklərə imza atılıb. UNEC Yaradıcılıq Mərkəzi, İdman Klubu, UNEC Radionun fəaliyyəti təşkil edilib. UNEC Prezident təqaüdçülərinin sayına görə Təhsil Nazirliyinin strukturuna daxil olan ali təhsil müəssisələri sırasında, eləcə də MBA təhsilində ixtisasların və tələbələrin sayına görə liderliyə nail olunub.
Bütün tədris binalarında ən müasir tələblərə cavab verən kitabxanalar və 24/7 fəaliyyət göstərən kitabxana qurulub. Texniki və texnoloji ixtisas üzrə 3000 tələbə üçün nəzərdə tutulmuş müasir tədris kompleksi inşa edilib. İş dünyası ilə strateji əməkdaşlıq platforması olan UNEC2B reallaşdırılıb. İlk dəfə olaraq, 2016-cı ildə UNEC-in QS Reytinq Agentliyinin reytinq siyahısına daxil edilməsinə nail olunub. UNEC inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Regionu universitetləri arasında ən yaxşı ilk 200 universitet sırasına daxil oldu və regionun ən yaxşı 4-cü iqtisad yönümlü universiteti seçilib. UniRank reytinqində UNEC hər il Azərbaycanın ən yaxşı ali məktəbi oldu. Nüfuzlu "Webometrics" reytinqinə əsasən, UNEC "Google akademik istinadlarının sayı"na görə hər il Azərbaycanda birincidir.
"UI Green Metric World University Rankings" reytinq siyahısına görə, UNEC 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci "yaşıl" universitet kimi tanındı. 22 aprel 2020-ci ildə "THE İmpact Ranking"in açıqladığı reytinqdə UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerə yüksəldi. U-Multirank bir neçə gün əvvəl açıqladığı reytinqə əsasən, UNEC iqtisadiyyat fənni üzrə artiq dünyanın 250 ən yaxşı universitetlərindən biridir.
Ədalət Muradovun əsas hədəfi "UNEC-100" İnkişaf Strategiyasına əsasən, UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 ali məktəblərindən birinə çevirməkdir. Maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə UNEC bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. UNEC-in dünya səviyyəli universitetə çevirmək üçün yetərincə potensialı da var. İnanırıq ki, Ədalət Muradovun əzimkarlığı sayəsində UNEC-in sədası daha mötəbər mövqelərdən gələcək.
Ə.Muradovun rektorluq fəaliyyəti dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Millət vəkili Etibar Əliyev deyir ki, UNEC yaxın gələcəkdə ölkəmizdə və dünyada ən məşhur universitet olacaq: "Düşünürəm ki, yaxın gələcəkdə UNEC tədqiqat universiteti kimi Azərbaycan və dünyada ən tanınmış ali məktəblərdən olacaq. UNEC-in rektoru Ədalət Muradov çox innovativ şəxsdir. Ali təhsil sahəsində zəngin ideyalara sahibdir. O, iqtisadiyyat elminin gələcəyini görür. UNEC-in qarşısında daha böyük hədəflər var. Ədalət Muradovun rəhbərliyi altında o hədəflərə doğru gedilir".
Bu gün UNEC-də tələbələri onları narahat edən problemləri rahatlıqla rektorları ilə bölüşə bilirlər. Rektor tələbələrinə öz haqlarını, hüquqlarını müdafiə etmək imkanı verib. Bu gün UNEC-də təkcə savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan, öz hüquqlarını müdafiə etməyi bacaran vətəndaşlar yetişdirilir. Bu da Ədalət Muradovun rektor olaraq əldə etdiyi böyük nailiyyətdir.
Professor, Əməkdar elm xadimi Şahlar Əsgərov deyir ki, Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC indi dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir: "Son illərdə UNEC-də bir çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı təmin etməkdir. Rektor Ədalət Muradov UNEC-i tədqiqat universitetinə çevirmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bilib. UNEC-in 100 illik yubileyinə qədər dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməsi nəzərdə tutulub. Mən əminəm ki, UNEC daha tez bir müddətdə hədəfinə çatacaq və dünyanın ən yaxşı 500 universitetindən biri olacaq. Bu universitet müasir idarəetmə sisteminə sahibdir. Ədalət müəllim Azərbaycan təhsilində gələcəyin universiteti modelini hazırlayır. Belə desək, XXI əsrin universitetini qurur. Fəaliyyətini hər istiqamətdən dəyərləndirərək UNEC-in fəaliyyətini yüksək dəyərləndirirəm. UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən, öz missiyasını daha irəli götürmək istəyən bir təhsil brendidir. UNEC Dünya Bankı, Asiya İnkişaf Bankı, Amerika Ticarət Palatası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və bu kimi bir sıra beynəlxalq assosiasiya və təşkilatların üzvü olmaqla yanaşı, digər qabaqcıl iqtisadi qurumlarla da sıx əməkdaşlıq edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı laureatının UNEC-in fəxri doktoru olması və onların Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif istiqamətlər üzrə mühazirələr aparması da bu ali təhsil müəssisəsinin beynəlxalq aləmdə nüfuzunun artmasını bir daha təsdiq edir.
Şahlar Əsgərov bildirib ki, dünyanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edən UNEC təhsil xidmətlərinin ixracı baxımından da bir sıra yeniliklərə imza atıb. Belə ki, UNEC dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə, o cümlədən, İngiltərənin London Universiteti/London İqtisad Məktəbi, Fransanın Monpelye, Litvanın Mikolos Romeris, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və qardaş Türkiyənin Süleyman Dəmirəl və Uludağ universitetləri ilə ikili diplom proqramları reallaşdırmaqdadır".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, son illər UNEC-də təhsilin səviyyəsinin yüksəldilməsi, yeni təhsil standartlarının hazırlanması, bu sahədə beynəlxalq standartların tətbiqi, rəqabətədavamlı təhsil sisteminin qurulması istiqamətində ciddi işlər görülüb: "Həqiqətən UNEC son illər böyük uğurlara nail olub. Burada universitetin rektoru, professor Ədalət Muradovun ciddi səyləri və prinsipiallığı yüksək qiymətləndirilməlidir. Universitetin daima üzərində işlədiyi, yeniliklərin axtarışında olduğu, kadr bazasını təkmilləşdirməkdə maraqlı olduğu, təhsil ekspertləri ilə davamlı olaraq əməkdaşlıq etdiyi, müəllimlərinin maddi durumunun yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdığı müşahidə olunur. UNEC-in inkişafı ümumilikdə Azərbaycan təhsilinin inkişafına ciddi təsirini göstərir və öz töhfəsini verir".
Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov UNEC-i ölkənin universitet modeli olaraq görür: "UNEC son illərdə xeyli yenilənib. Onun timsalında biz Azərbaycan universiteti modelini görürük. Hər zaman fəxrlə deyirik ki, UNEC yeni və ən müasir təhsil müəssisəsidir. Bura həm universitet, həm də elmi tədqiqat mərkəzidir. Dünyada aparılan yenilikçi işləri bu ali təhsil müəssisəsinin timsalında görə bilərik".
Professor Ədalət Muradovu 60 illik yubileyi münasibətilə, "525-ci qəzet"in kollektivi olaraq, səmimi qəlbdən təbrik edir, görkəmli alimə möhkəm cansağlığı, fəaliyyətində yeni uğurlar diləyirik!
Sevinc QARAYEVA
shttps://news.unec.edu.az/xeber/125-universitet/8355-muasir-elm-ve-tehsilde-parlag-ugurlarin-unvani-edalet-muradov