Rektor professor Ədalət Muradov UNEC-də ilk dəfə pedaqoji fəaliyyətə başlayacaq müəllimlərlə görüşüb.
Gənc müəllimləri təbrik edən rektor bildirib ki, dünya səviyyəli universitetlər sırasında yer almağı hədəfləyən UNEC gənclərlə işin qurulmasına xüsusi önəm verir. Rektor “Gənc müəllimlər 4” layihəsi də daxil olmaqla, bu il 30-dan çox gənc müəllimin pedaqoji fəaliyyətə cəlb olunduğunu deyib, son 8 ildə isə 700-dən çox gəncin UNEC-də işlə təmin olunduğunu diqqətə çatdırıb. Tədris prosesində tələbələrin fərdi keyfiyyətlərinin nəzərə alınmasını xüsusi vurğulayan rektor, uğurlu təhsil modelinin əsasında fərdi təhsil trayektoriyasının təmin edilməsinin olduğunu bildirib. Ə.Muradov “UNEC-100” İnkişaf Strategiyasının hədəflərindən, eləcə də tədqiqatçı-müəllim, tədqiqatçı-dosent və professor vəzifələrindən, reytinq sistemindən, rəqəmsal universitet modelindən də söz açıb. Gənc müəllimlərə pedaqoji, elmi-tədqiqat işlərində, startap layihələrində fəal olmağı tövsiyə edib.
Sonra gənc müəllimlər üçün təlimlərə start verilib. 2 gün davam edəcək təlimlər UNEC-dəki tədris prosesi, elektron universitet və EDUMAN tətbiqləri, tələbə biliyinin qiymətləndirilməsi və attestasiyası, tədqiqat ekosistemi, akademik göstəricilərin fərdi və institusional qiymətləndirmə prosesləri, mübadilə proqramları, kitabxana informasiya mərkəzi, karyera imkanları barədə olacaq.