UNEC-də 2022/2023-cü tədris ilindən tələbə biliyinin qiymətləndirilməsində yeni qaydalar tətbiq olunacaq.
Əyani təhsil alan bakalavrlarda imtahanlar (kollokvium və sessiya imtahanları) ixtisas fənləri üzrə yazılı, qeyri-ixtisas fənləri üzrə test üsulu ilə keçiriləcək.
Beynəlxalq magistratura və doktorantura mərkəzi, eləcə də UNEC Biznes Məktəbində imtahanlar yalnız yazılı formada olacaq.
Tədrisi mühazirə və seminar dərslərindən ibarət olan fənlərdə cari qiymətləndirmə üzrə 50 baldan 20 balı aktivlik (seminar), 30 bal isə ara qiymətləndirmə balı əsasında formalaşacaq. Aralıq imtahanı (sessiya) 50 bal üzərindən qiymətləndiriləcək.
Test üsulu ilə keçirilən ara imtahanında (kollokvium) 30 test təqdim olunacaq və hər doğru cavab 1 bal qiymətləndiriləcək, səhv cavab, düz cavablara təsir etmir.
Yazılı üsulda isə tələbəyə 3 sual təqdim ediləcək, hər sual 10 bal üzərindən qiymətləndiriləcək.
Qabiliyyət tələb edən fənlərdə ara qiymətləndirmə semestr ərzində yerinə yetirilən və hər biri 5 bal üzərindən qiymətləndirilən 6 fərdi işin (hər ay ərzində 2 iş olmaqla) qiymətləndirilməsi əsasında təmin olunacaq.
Test üsulu ilə olan aralıq imtahanlarında (sessiya) 50 test təqdim olunacaq və hər doğru cavab 1 bal qiymətləndiriləcək. Yazılı üsulda 7 sual təqdim ediləcək, tələbələr 5 sualı cavablandıracaqlar. Düzgün cavabların hər biri 10 bal üzərindən qiymətləndiriləcək.
Qabiliyyət tələb edən fənlər üzrə aralıq qiymətləndirmə, çəkilən 1 rəsmin komissiya tərəfindən qiymətləndirilməsi əsasında təmin ediləcək.
TUDİFAK və BMDM-də cari qiymətləndirmə üzrə 50 baldan 20 balı -1 layihənin qiymətləndirilməsi, 30 balı – ara qiymətləndirmə (kollokvium) balı əsasında formalaşacaq. Aralıq imtahanı üzrə qiymətləndirmə 50 baldır.
UNEC Biznes Məktəbində (MBA) cari qiymətləndirmə üzrə 50 balın 15 balı aktivlik (seminar) balı, 20 balı 1 layihənin qiymətləndirilməsi, 15 balı isə ara qiymətləndirmə (kollokvium) balı əsasında formalaşacaq. Aralıq qiymətləndirmə 50 baldır.
Bakalvriat səviyyəsində qabiliyyət tələb edən fənlərdə cari qiymətləndirmə üzrə 50 balın 20 balı praktik məşğələ, 30 balı semestr ərzində (hər ay 2 iş olmaqla) yerinə yetirilən və hər biri 5 balla qiymətləndirilən 6 fərdi işin qiymətləndirilməsi əsasında müəyyən ediləcək.
Magistratura səviyyəsində qabiliyyət tələb edən fənlərdə cari qiymətləndirmə üzrə 50 balın 20 balı 1 layihənin qiymətləndirilməsi, 30 balı ara qiymətləndirmə balı əsasında müəyyən ediləcək.
Bakalavriat və magistratura səviyyələrində yazılı imtahanlarda hər fənn üzrə imtahan suallarının ümumi sayı 75-dən az olmamaqla tərtib ediləcək. Suallar fənnin sillabusuna əlavə edilməklə, tələbələrə 3-cü tədris həftəsində təqdim ediləcək.
Qiyabi təhsil alan tələbələrdə imtahanlar əvvəlki qaydada, yəni test üsulu ilə təşkil olunacaq.
Zaqatala filialında isə bütün imtahanlar test üsulu ilə keçiriləcək.