UNEC-də yeni tədris ilinin Elmi Şurasının ilk iclası keçirilib.
Elmi Şurada şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuranın açılışında UNEC rektoru professor Ədalət Muradov yeni tədris ilində tələbə biliyinin qiymətləndirilməsində bir sıra yeniliklərin tətbiq olunacağını diqqətə çatdırıb. Sonra tədris işləri üzrə prorektor dosent Gəray Musayev “UNEC-də təhsilalanların biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları” barədə təqdimatla çıxış edib. Təqdimat dinlənildikdən sonra şura üzvlərinin təklifləri nəzərə alınaraq, təsdiqlənib.
Şurada İmtahan mərkəzinin direktoru dosent Söhrab Hüseynovun 2021/2022-ci tədris ilinin Yay semestrinin yekunu haqqında hesabatı dinlənilib.
Rektorun müşaviri, dosent Elşən Bağırzadə isə UNEC-də “Kafedra şuraları” və “İxtisas şuraları” haqqında qaydalarla şura üzvlərini tanış edib. Bildirilib ki, kafedra şuraları tədris planları, dərs və imtahan cədvəlləri, sənədlərin hazırlanması və digər istiqamətində fəaliyyət göstərəcəklər. İxtisas şuralarının fəaliyyəti isə yalnız ixtisaslarla bağlı olacaq.
Elşən Bağırzadə “UNEC-də Qonaq alimin statusu və fəaliyyəti haqqında qaydalar”ı barədə də çıxış edib. Bildirib ki, qaydalar UNEC-də müəyyən müddət üçün qonaq statusunda çalışan alimlərin fəaliyyətinin əsaslarını, eləcə də qonaq alimin hüquq və vəzifələri, qiymətləndirilməsini əhatə edir.
UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev rəhbərlik etdiyi məktəbdə struktur dəyişikliyi edilməsi barədə təkliflə çıxış edib. N.Hacıyevin təklifləri şura üzvləri tərəfindən qəbul edilib.
Rektorun əməkdaş və tələbələrin psixoloji müdafiəsinin təmin edilməsi, müsbət davranış modelinin formalaşdırılması, universitetdə təhlükəsiz və sağlam mühitin yaradılması, mənəvi-psixoloji sağlamlığın dəstəklənməsi məqsədilə UNEC-də Psixoloji xidmət mərkəzinin yaradılması barədə təklifi səsə qoyularaq, şura üzvləri tərəfindən təsdiq edilib.
Elmi şuranın qərarı ilə UDİD proqramı üzrə Qaydalarda da dəyişiklik edilib. Belə ki, yeni qaydalara əsasən, proqramda ayrı-ayrı fənlər üzrə deyil, ÜOMG-si 71-100 bal arasında olan tələbələr iştirak edə biləcəklər.
UNEC Eduman sistemində tətbiq olunan tələbə məmnunluq anketinə əlavə və dəyişikliklər edilməsi haqqında da qərar qəbul edilib.
UNEC-in fakültə, mərkəz və məktəblərinin nəzdində fəaliyyət göstərən bir neçə kafedranın adı dəyişdirilib. BMDM-in nəzdində fəaliyyət göstərən “İqtisadiyyat və idarəetmə” kafedrası “İqtisadi və texnoloji elmlər”, eləcə də “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrası “Biznesin idarə olunması”, “İqtisadiyyat” (rus dilində) kafedrası “Tətbiqi iqtisadiyyat”, “Maliyyə və maliyyə institutları” kafedrası “Maliyyə və audit”, “Beynəlxalq iqtisadiyyat” (ingilis dilində) kafedrası “Beynəlxalq iqtisadiyyat və biznes”, “Biznesin idarəedilməsi” kafedrası isə “Biznes və logistika” adlandırılıb.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.