Fevralın 21-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra ulu öndər Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Yeni Azərbaycan Partiyasının dünənin hər birimiz üçün şərəfli, bugününün qürurverici, sabahının isə ümidverici olduğunu deyib. O bildirib ki, dünya durduqca Azərbaycan tarixinə nəzər yetirən hər bir şəxs Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin Qarabağı erməni işğalından azad etməsi faktını tarixin səhifələrində qızıl hərflərlə görəcək: “Hər şey dəyişəcək, amma bu qələbə dəyişməyəcək”.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbir iştirakçılarını salamlayaraq, YAP Səbail rayon təşkilatının 30 illik fəaliyyəti haqqında məlumat verib. “Müstəqil və müzəffər Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərlə bağlı qərarların qəbulu məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti və uğurlu siyasəti nəticəsində mümkün olmuşdur. Əsası 30 il öncə Heydər Əliyev tərəfindən qoyulan və bugün cənab Prezident İlham Əliyev tərəfindən layiqli rəhbərliyi ilə parlaq fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, o cümlədən regionda olan ən böyük siyasi təşkilatlardan biridir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar YAP Səbail rayon təşkilatı tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir və bu tədbirlər il ərzində davam edəcək”, deyə Muxtar Nağıyev bildirib.
YAP İdarə Heyətinin üzvü, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, son 30 ildə partiya məfkurəsinin əsasını müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri təşkil edib. O, bildirib ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub: “Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında xalqın ümummilli lider Heydər Əliyevə olan inamının tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdiyini bildirib. Onun sözlərinə görə, ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Çıxışının sonunda Vüqar Zeynalov YAP Səbail rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibəti ilə öz təbriklərini çatdırıb.
Tədbirdə çıxış edən şəhid Bilal Qənbərovun anası Gültəkin Qənbərova dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.
YAP Səbail rayon Ərazi Partiya Təşkilatları sədrləri adından çıxış edən “İstiqlaliyyət 18” Ərazi Partiya Təşkilatının sədri Elmin İmanov bildirib ki, partiyanın keçdiyi 30 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu istiqamətdə əldə olunan uğurlarda YAP Səbail rayon təşkilatının da özünəməxsus yeri vardır. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafı istiqamətində Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və hər zaman yanında olduqlarını nümayiş etdirir.
Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirə Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin təqdimatında bədii hissə ilə yekun vurulub.