TEXNOFEST-ə qatılan UNEC komandalarının sayının çox olmasını istərdim|MÜSAHİBƏ

18 May 2023
view208
Tələbə

UNEC-in “Azerbaijan AgroBot” komansdası TEXNOFEST 2023-də iştirak edib. Komandanın kapitanı, UNEC-in magistri Məhəmməd Rəhimovla yarışma və startap layihələri ilə bağlı müsahibəni təqdim edirik.

- Məhəmməd, layihə barədə məlumat verərdiniz.

-“Azerbaijan AgroBot” layihəsinin kənd təsərrüfatı sahəsi üzrə istifadə edilməsi nəzərdə tutulub. Təqdim etdiyimiz robot maşın alaq otları ilə mübarizəni və dərmanlama prosesini həyata keçirərək, aqrar sahədə məhsuldarlığın artmasına kömək edəcəkdir. Mexanizm funksionallığı yerinə yetirə bilməsi üçün robot qola və dərman deposuna malik olacaq. Deponun daxilinə yerləşdirilmiş su səviyyəsi sensoru vasitəsilə dərmanın proses üçün kifayət qədər olub-olmadığı ölçüləcək ki, bu da kəsintisiz dərmanlama prosesinin aparılmasına kömək edəcək. Əkin sahəsini müşahidə edə bilməsi üçün mexanizm üzərində kamera bərkidiləcək. Kameranın və yazılacaq alqoritmlərin köməyi ilə mexanizm bitki sıralarını müəyyən edərək, maneələri görəcək, bitki və alaq otunu fərqləndirə biləcək. Hərəkət zamanı hər hansı səbəbdən tarazlığını itirə bilməsi ehtimalını nəzərə alaraq, mexanizmə 10-15 dərəcə əyriliklərdə rahatlıqla hərəkət etməsi üçün asma sistemi hazırlanmışdır. Mexanizm onlayn aerodinamik testdən keçirilmişdir. Göstərdiyi nəticəyə əsasən, deyə bilərik ki, güclü külək də mexanizmin hərəkətinə maneçilik törətməyəcəkdir, yəni tarazlığının pozulmasına və ya müəyyən etdiyi yoldan çıxmasına səbəb olmayacaqdır.

- Layihənin meydana çıxması ideyası necə yarandı?

-Bildiyiniz kimi, artıq 3-cü ildir ki, finalda iştirak edirəm. Öncəki 2 ildə təqdim etdiyimiz layihə kənd təsərrüfatı PUA-ları olub. Bu sahədə artıq təcrübəmiz düşünürəm ki, kifayət qədərdir. Ona görə bu layihə də kənd təsərrüfatı kateqoriyası üzrə seçildi. Düşünürük ki, kənd təsərrüfatında bu tip aqrobotların və süni intellektin tətbiqi faydalı olacaqdır.

-Komandanız necə formalaşdı?

-Öncəliklə onu qeyd edim ki, 2021-ci ildə rəhbəri olduğum “Azerbaijan AgroDrone” komandasının heyəti tamamilə başqa idi. 8 nəfərlik bir komandaya rəhbərlik edirdim. Komandada müəyyən boşluqların olması səbəbilə 2022-ci ildə həmin komanda ilə davam etmək istəmədim və komandanı ləğv edərək, yeni komandanın qurulması və bunun üçün bacarıqlı gənc axtardığımı elan etdim. İlk olaraq, hazırda komandanın baş mühəndisi Məhəmməd Məmmədov mənimlə əlaqəyə keçdi. Məhəmmədlə görüşdük, müzakirəmizi etdik və bundan sonra onunla birlikdə işləməyə qərar verdim. Daha sonra isə 2021-də mənim rəqibim olan Kənan Mustafayev komandamıza daxil oldu. Beləliklə, rəhbərlik edəcəyim yeni komandanı qurdum və 2022-ci ildə ilk dəfə Azərbaycanda keçirilən “TEKNOFEST 2022 Azerbaycan” yarışmasında iştirak etdik. Bu il isə komanda artıq 5 nəfərdən ibarətdir. UNEC-in tələbələri Türkan Bəşirli ilə Ayşən Əhmədova da komandamıza qatıldı və beləcə hazırkı komanda ərsəyə gəldi.

- Layihənin reallaşmasına hər hansı dəstək göstərildimi?

-İstənilən layihənin reallaşması üçün həm maddi, həm texniki dəstək tələb olunur. Layihənin bütün xərcləri UNEC tərəfindən qarşılandı, eləcə də hazırlıq mərhələsində universitet tərəfindən bizə bütün zəzuri dəstək göstərildi. Bunun üçün universitet rəhbərliyinə komandamız adından təşəkkürümü bildirirəm.

-Texnofestdə qatılmışdınız. Bu barədə təəssüratlarınızı bilmək istərdik.

-Artıq 3-cü ildir ki, dünyanın ən böyük texnoloji yarışmasının finalında  iştirak edirdik. “TEXNOFEST”ə ilk dəfə 2021-ci ildə qatılmışam və rəhbərlik etdiyim komanda “TEXNOFEST 2021” yarışmasının final mərhələsinə qədər çıxdı. UNEC-i bu yarışmada ilk və yeganə komanda olaraq təmsil etmək və bu komandaya rəhbər olmaq qürurverici hissdir.  İstərdim ki, UNEC-dən belə bir yarışmada finala vəsiqə qazanan komandaların sayı daha çox olsun. Bunun üçün keçən il müəyyən tədbirlər görüldü və 3 komandaya mentor kimi dəstək göstərməyə başladım. 2021-ci ildə təqdim etdiyimiz layihə “Azerbaijan AgroDrone” adlı kənd təsərrüfatı PUA-sı olmuşdu və final mərhələsinə kateqoriya üzrə ən yüksək bal ilə vəsiqə qazanmışdı.

2022-ci ildə Azərbaycanda ilk dəfə keçirilən “TEXNOFEST 2022 Azerbaycan” yarışmasına “Karabakh AgroDrone” adlı eyni tipli layihə təqdim etmişdik və uğurlu olmuşdu.

TEXNOFEST təcrübə baxımından çox böyük bir şans, çox yaxşı bir yarışdır. Həm iştirakçı kimi öz layihəni təqdim edirsən, həm də digər layihələrin, kateqoriyaların təqdimatlarını dinləyə bilirsən. Ümumiyyətlə düşünürəm ki, olduğumuz hər bir mühit, eşitdiyimiz hər bir məlumat bizə yeni bir şeylər qazandırır.

- T3 Vəqfinin təsisçisi Selçuk Bayraktarla iki dəfə görüşmüsünüz. Görüşdən yaddaqalan nə oldu?  

-Hər iki görüş qısa olub. Selçuk bəyə Azərbaycana olan dəstəyinə, ən əsası isə Bayraktar PUA-larının İkinci Qarabağ Müharibəsi zamanı uğurlu performasına və döyüş zamanı ölkəyə verdiyi hərbi faydasına görə öz minnətdarlığımı bildirmişəm. Sonda isə xatirə şəkli çəkdirmişik.

-Layihə ilə bağlı gələcək planlarınız nədir?

-Layihə ilə bağlı hələ ki, standart bir plan yoxdur. Düşünürəm ki, layihəni daha da genişləndirərək, kənd təsərrüfatında daha əlverişli olacaq bir startap layihəsi hazırlamaq olar. 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!